"Qarabağlı Saleh bəy bu dünyaya tüpürüb getdi" - NewsAze

“Qarabağlı Saleh bəy sevdiyi millətinə misilsiz əsərlərini bəxş edən böyük insan olaraq bu dünyaya tüpürüb getdi. Onun yazdığı “Ermənilik” kitabı hər bir soydaşımızın, sülhsevər bəşər övladının stolüstü kitabı olmalıdır”.

Bu sözləri “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri Elman Mustafazadə məşhur alim Qarabağlı Saleh bəyin vəfatı ilə bağlı fikirlərini şərh edərkən dedi.

“Kitabda bəşəriyyət üçün təhlükə yaradan erməni qatillərinin, terrorçularının mənfur simaları açıq və sadə dillə sübutla verilib. Saleh bəyin “ermənilik” kitabının bir neçə nüsxəsini İsa Qəmbər Polşaya gələn qonaqlar vasitəsilə mənə göndərmişdi. Həmin kitabın birini Azərbaycanın görkəmli insanlarından olan Mirzə Xəzərə bağışladım. Sonra Mirzə müəllimlə “Ermənilik” kitabını müzakirə etdik və Mirzə müəllim bu kitabın olduqca qiymətli bir tədqiqat əsəri olduğunu bildirdi. Kitabı bir necə dəfə oxuduqdan sonra qərara gəldim ki, bu kitabı başqa dillərə çevirib çap etdirsəm, çox faydalı olar. Qarabağlı Saleh bəyin “Ermənilik” kitabı 1997-ci ildə Polşanın slavyanisti Yeji Florcikiyevic tərəfindən polşa dilinə tərcümə olunmağa başlandı. İndi tamamlanmayan və çap olunmayan əlyazmaya baxıram və Saleh bəyi düşünürəm...”, - deyə E.Mustafazadə bildirdi.

Elman Mustafazadə vətən üçün yananların Saleh bəy kimi maddi imkansız insanların sakit, səssiz-səmirsiz, bəzən kimsəsiz köçüb getdiklərini söylədi: “Bəzi məmurlar milyon və milyardları acgözlüklə qamarlayaraq, milli-mədəni sərvətlərə, dahi şəxsiyyətlərə hörmətsizlik edirlər və keyf içində yaşayırlar. Saleh bəy isə ona olan biganəliyə, etinasızlığına, rüşvətxor və mənəviyyatsız bəzi məmurlara tüpürüb getdi bu dünyadan. O, bu dünyadan nigaran getdi. Əziz Saleh bəy, ruhun şad olsun! Əmin olun ki, zaman gələcək və sizin əməyinizin qiyməti veriləcək”.

Elnur Eltürk

Mənbə: newsaze.com

03.05.2013

Xudaferin.eu

11:09