“Qarabağ: ulu vətənimiz” kitabı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun daş dövrü arxeologiyası şöbəsinin müdiri, professor Əsədulla Cəfərovun “Qarabağ: ulu vətənimiz” adlı kitabı çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, nəşrin rəyçiləri tarix elmləri doktoru, professor Abbas Seyidov və tarix elmləri doktoru Qafar Cəbiyevdir.

Vəsait müəllifin uzun illər Qarabağda apardığı arxeoloji tədqiqat işlərinin nəticələrinə, həmçinin elmi və pedaqoji fəaliyyətinin yekunlarına həsr olunub.

Dörd bölmədən ibarət əsərin birinci bölməsində müəllif orta məktəb illərindən, ilk dəfə Qarabağa qədəm qoyduğu günlərdən, Azıx, Tağlar və digər abidələrdə aparılan arxeoloji tədqiqatlardan, tapılan maddi-mədəniyyət qalıqlarından söhbət açır.

Nəşrin ikinci bölməsi Ə.Cəfərovun dövri mətbuata verdiyi müsahibələrdən ibarətdir. Müəllif müsahibələrində Azıx düşərgəsində aşkar olunan quruçay, qədim aşel, orta aşel, son aşel, mustye və üst paleolit arxeoloji mədəniyyətləri haqqında geniş məlumat verir. Kitabda Qarabağın, o cümlədən Azıx paleolit düşərgəsinin tarixini saxtalaşdırmağa cəhd edən ermənilərin əsassız fikirləri müəllif tərəfindən faktlarla təkzib olunur.

Kitabın üçüncü bölməsi Ə.Cəfərovun dövri mətbuatda çap olunan məqalələrindən ibarətdir. Bu bölmədə Qarabağın arxeoloji mədəniyyətləri, Azıx, Tağlar, Şuşa, Naxçıvanın Qazma, Lerikin Buzeyir və Zuvandçay düşərgələrində tapılan maddi-mədəniyyət qalıqları müəllifin elmi-publisistik məqalələrində geniş şərh edilir.

Ə.Cəfərov haqqında məqalələr və onun çap etdirdiyi kitablara yazılan rəylər nəşrin dördüncü bölməsində verilib. Burada Azərbaycan, keçmiş sovet və Avropa alimləri müəllifin apardığı tədqiqatlar və onun çap etdirdiyi kitablar haqqında öz fikirlərini bildiriblər.

Kitab ali təhsil müəssisələrinin müəllim və tələbələri, magistrantlar, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

AZƏRTAC

20:19