“Qarabağ: tarix və irs” elmi konfransı

Milli Elmlər Akademiyası (AMEA) və İslam Əməkdaşlıq Təşkilatının İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: tarix və irs” mövzusunda elmi konfransa noyabrın 11-də yekun vurulub. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək iştirakçılara konfransın işinə verdikləri töhfəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, IRCICA 35 ildən artıqdır ki, İslam irsinin qorunmasında, təbliğ olunmasında dəyərli layihələr həyata keçirir, öz mühüm missiyasını yerinə yetirir. Qədim tarixi, zəngin maddi və qeyri-maddi mədəni irsi olan Azərbaycanın Qarabağ bölgəsinin bu institut tərəfindən diqqətə alınması, araşdırılması da bizi sevindirir. Konfransın sessiyalarında edilən çıxışlar, alimlərin təqdimatları bu istiqamətdə atılan çox vacib addımdır. Nazir müavini bildirib ki, konfransda münaqişə zonalarında irsin qorunması və Ermənistanın işğal etdiyi ərazilərdəki mədəni irslə davranışı, toponimlərin dəyişdirilməsi ilə bağlı maraqlı çıxışlar səsləndirilib. Ermənilərin iddia etdiyi Azərbaycanın hər qarış torpağına, hər bir mədəni sərvətinə dair bizdə və dünyanın müxtəlif arxivlərində kifayət qədər tarixi sənədlər, dəlillər mövcuddur ki, bu iddiaların əsassız olduğunu sübut edəsən. Nazir müavini deyib ki, AMEA-nın bu konfransa dəstəyi də bir daha akademiyanın müxtəlif institutlarının elmi əməkdaşlığa açıq olmasını göstərir. Bu məqamda Heydər Əliyev Fondunun, xüsusilə Fondun prezidenti Mehriban Əliyevanın səmərəli fəaliyyətini vurğulamaq lazımdır. Qarabağ da daxil olmaqla bütövlükdə Azərbaycan mədəniyyətinin və irsinin tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən çox mühüm layihələr həyata keçirilib.

S.Məmmədəliyeva deyib: “İnanıram ki, IRCICA-nın bu yöndə apardığı araşdırmaları davam edəcək və Qarabağın tarixi-mədəni irsinin olduğu kimi tanınması, qorunması üçün beynəlxalq elmi ictimaiyyətin, bu kimi institutların səsi daha da ucadan gələcək”.
Mərasimdə çıxış edən IRCICA-nın baş direktoru Halit Eren bildirib ki, konfrans Azərbaycanın işğal edilmiş torpaqları haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bir daha ortaya qoydu: “Bizim məqsədimiz Qarabağın və eyni zamanda Ermənistanın yerləşdiyi ərazilərin tarixi, mədəni olaraq Azərbaycana bağlılığı və Azərbaycanın tarixi torpaqları haqqında məlumatları bütün İslam dünyasına çatdırmaqdır. Bunu sübut etmək heç də çətin məsələ deyil. Arxivlərdə ermənilərin bu ərazilərə köçürülməsi haqqında çoxlu məlumatlar var. Eyni zamanda arxeoloji, tarixi və memarlıq abidələri də bu torpaqların Azərbaycana məxsus olmasında heç bir şübhə doğurmur. IRCICA olaraq bu istiqamətdə bundan sonrada Azərbaycanın haqq səsini yaymaqda davam edəcəyik. IRCICA olaraq bu mövzunu gündəmdə saxlayacağıq və Qarabağ mədəniyyətini tanıtmaq üçün çalışacağıq”.
Halit Eren qarşıdakı illərdə də bu cür konfransların davamlı olaraq keçiriləcəyini vurğulayıb. Qeyd edib ki, bununla da ermənilərin Azərbaycan və Türkiyə haqqında dünyaya yaymağa çalışdığı yalan məlumatların qarşısını alacağıq. Qeyd edək ki, iki gün davam edən konfransda “Qarabağ Ermənistanın hərbi işğalı altında: qiymətləndirmə və nəticələr”, “Tarixdə Qarabağ”, “Qarabağın memarlıq irsi”, “Qarabağ incəsənəti və mədəni irsinin Azərbaycana identikliyi” mövzularında sessiya və müzakirələr aparılıb. Konfransın materialları elmi nəşr kimi çap ediləcək.

Xudaferin.eu

12:55