Qarabağ nizamlanmasında ciddi detallar: Rusiyalı nazir nəyi nəzərdə tutur?

 

Arzu Nağıyev: “Yeni detalın olacağı ehtimalına şübhə ilə yanaşıram”

Elxan Şahinoğlu: “Rusiya narahatdır ki, isti yay ayları başladıqca, Azərbaycan işğalçıya hərbi təzyiqləri artıra bilər”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsindən danışıb. “Cümhuriyət” qəzeti Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, münaqişənin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini deyib: “Münaqişənin danışıqlardan başqa həll yolu yoxdur. Bir müddət əvvəl problemin danışıqlar yolu ilə həlli çox yaxın idi, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar yarandı. Buna baxmayaraq, münaqişənin nizamlanması istiqamətində işlər davam etdirilməlidir”.

Lavrov qeyd edib ki, danışıqlar zamanı müəyyən prinsiplərin hazırlanmasına baxmayaraq, hələ bir çox mürəkkəb detallar razılaşdırılmalıdır: “Bildiyiniz kimi, Rusiya ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Biz münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və onlar arasında xırda, lakin çox ciddi detalları razılaşdırmağa çalışırıq”.

Rusiyanın narahatlığı

Ekspertlər hesab edirlər ki, münaqişənin həll prosesində passivliyin olduğu vaxt yeni detalın olacağı inandırıcı deyil. Ehtimal etmək olar ki, bu, Rusiyanın son zamanlarda Ermənistan və Azərbaycan arasında artan gərginlikdən yaranan narahatlığıdır. Atəşkəs rejimini tez-tez pozan Ermənistana qarşı təzyiqləri artıran Azərbaycanda digər yandan ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina məsələsi gündəmə gəlib. Rəsmi Bakıdan həmsədrlərə edilən sonuncu çağırış öz sərtliyi ilə fərqlənirdi. Bakı Minsk Qrupundan münaqişəyə konkret həll tapmağı tələb etdi. Əlbəttə, münaqişə ətrafında baş verən son proseslər və Azərbaycanın sərtləşməsi Rusiyanı narahat, Kremlin ehtimalına görə, isti yay aylarının başlamasıyla Ermənistana qarşı təzyiqləri artırıb hərbi əməliyyatları bərpa edə bilər. Bölgədə gərginləşən və müharibə ehtimalı yaradan vəziyyət ABŞ-ın da diqqətindən yayınmayıb. Amerikanın dövlət katibi Reks Tillerson son açıqlamasında Sergey Lavrov kimi münaqişənin yalnız danışıqlar yoluyla həll edilə biləcəyini dedi. Görünən budur ki, istər Rusiya, istərsə də ABŞ Azərbaycanın səmərəsiz danışıqları dayandırıb müharibəyə başlayacağından ehtiyat edir. Həmsədr dövlətlərin narahatlıqlarının buradan qaynaqlandığını deyə bilərik.

“...işğalçını ərazilərdən çıxmağa məcbur edəcək detal əlavə olunacaq”

Politoloq Arzu Nağıyev bildirib ki, Sergey Lavrov bu açıqlamanı verməklə, diqqəti Rusiyaya yönəltməyə çalışır. Politoloq hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərlərini, Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində Mariya Zaxarovanın bildirməsi də bir daha Kremlin həll prosesində açar rolunu oynadığını göstərməkdir: “Lavrovun vurğuladığı detala gəlincə, Azərbaycan həmişə münaqişənin mərhələli şəkildə həll olunacağıyla bağlı sözünü deyib. Düşünürəm ki, həmin xırda detallar “Madrid prinsipləri” və digər sənədlərdə öz əksini tapıb. Həmsədrlər həmin məsələləri Azərbaycan və Ermənistana səfərlərində tərəflərlə müzakirə ediblər. Bu baxımdan yeni detalın olacağı ehtimalına şübhə ilə yanaşıram. Düşünmürəm ki, sənədlərə Azərbaycanın ərazi bütövlüyünə toxunan, yaxud işğalçını ərazilərdən çıxmağa məcbur edən məsələ əlavə ediləcək. Məlumdur ki, Rusiya bu münaqişədən istifadə edərək bölgədə nüfuzunu artırmağa çalışır. Eyni zamanda səsləndirilən fikirlərdə Rusiyanın açar rolundan danışaraq bunu ictimaiyyətə çatdırmaq istəyirlər”.

“Azərbaycan Ermənistana təzyiqləri artıra bilər”

Rusiyalı nazirin həmişəki kimi yenə də müəmmalı danışdığını deyən, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Lavrovun nə deməsindən asılı olmayaraq, Rusiya münaqişənin həll prosesini sürətləndirmir. O, bölgədə yaranmış vəziyyətin Rusiyanı narahat etdiyini bildirib: “Rusiya narahatdır ki, isti yay ayları başladıqca, Azərbaycan işğalçıya hərbi təzyiqləri artıra bilər, bunun qarşısını almaq üçün də müxtəlif bəhanələr ortaya atırlar. Guya danışıqlarda irəliləyiş var, növbəti görüşlər olacaq. Bütün bunlar ona görə edilir ki, Azərbaycan güc yoluyla torpaqlarını geri qaytarmasın. Amma bunun qarşılığında ortaya təklif də qoymurlar. Mövcud status-kvo davam edir və bu, Ermənistanın maraqlarına uyğundur. Rusiya da faktiki olaraq, status-kvonun uzanmasına şərait yaradır. Azərbaycan bu vəziyyətlə barışmaz. Buna görə də Azərbaycana mane olmaq və müharibə ehtimalını azaltmaq üçün müxtəlif fikirlər ortaya atırlar. Reallıqda görürük ki, danışıqlarda heç bir irəliləyiş yoxdur. Hansısa ciddi detalın olacağına da inanmıram”.

Mənsur Rəğbətoğlu

Cebhe.info

 

17:03