Qarabağ atlarına həsr olunan "Canlı Miras" sərgisinin açılış mərasimi baş tutub

30 may 2018-ci ildə saat 18.30-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi, Latviyanın Azərbaycandakı səfirliyi və Muzey Mərkəzinin təşkil etdiyi “Canlı miras” sərgisinin açılış mərasimi baş tutub. Sərgi Azərbaycan Demokratik Respublikasının və Latviya Respublikasının 100 illik yubileylərinə həsr olunub. Sərginin mövzusu isə latış rəssam Datse Ştrausanın tablolarında təqdim olunan Azərbaycanın Qarabağ cins atlarına həsr edilib. Qarabağ atlarının olduqca incə gözəlliyi, xüsusi zərifliyinin gücü bəşəriyyəti daim heyran qoyaraq sevindirəcək.

Datse Ştrausa öz ixtisasına görə zoomühəndisdir. O, 1981-ci ildə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasını qurtarıb.1988-1991-ci illərdə Latviya Rəssamlıq Akademiyasının hazırlıq şöbəsində oxuyub və xeyli müddət sonra (2005-ci ildə) isə Riqada Foto-məktəb kurslarına gedib. Bu, əlavə təhsilin bir mənası var idi: sevimli atların kətan üzərində əsil surətlərini yarada bilmək üçün ifadə vasitələrinin bütün zəruri dəstinə malik olmaq! Zaman keçdikcə Datse Ştrausa yavaş-yavaş animalistik janr rəssamı kimi məşhurlaşır. O əvvəlcə öz Vətənində – Latviyada geniş populyarlıq qazandı, sonra isə ailə vəziyyəti ilə əlaqədar köçdüyü Finlandiyada. Bu gün artıq rəssamın aktivində Latviyada, Finlandiyada və Almaniyada fərdi və qrup şəklində keçirilmiş 18 sərgi var.Datse öz əsərlərində müxtəlif rəng və cinslərdən olan atların təsvirini nəinki dəqiqliklə verir, onun yaratdığı obrazlar bu güclü və son dərəcə gözəl heyvanların həqiqətən yaşadığı zəngin hisslər və emosiyalar qammasını tamamilə özündə əks etdirir. Rəssamın təmasda olduğu, seyr etdiyi, sığallayıb müşahidə apardığı hər bir at onun üçün ayrıca canlı fərddir və müəllifə görə hər bir heyvanın xarakterinin unikallığını tamaşaçının ayrılıqda görüb-hiss etməsi olduqca vacibdir. Datse Ştrausa  artıq iki ildir ki, Azərbaycanda yaşayır. Buraya gələn kimi də yerli atçılarla, həvəskar at saxlayanlarla əlaqə yaratmağa, ünsiyyət saxlamağa başlayıbvə xüsusilə də Qarabağ cins atlarına diqqət, maraq göstərir.

Məlumdur ki, Qarabağ atları azərbaycanlıların milli fəxarət ünvanlarındandır. Orta əsrlərdə Qarabağ atlarının xüsusi cinsləri yalnız Qarabağ xanlarına mənsub idi. Bu təmiz qanlı atların, necə deyərlər, əsas istehsal yerləri də Qarabağ xanının zavodu idi. Azərbaycanın milli mədəni irsinin bir çox nümunələri, əsas da xalımız və milli mətbəximizlə yanaşı Qarabağ atları da haqlı olaraq Azərbaycanın  milli sərvəti sayılır. Heç də təsadüfi deyildir ki, 2013-cü ildə məhz Qarabağ atlarının iştirakı ilə oynanılan ənənvi milli çövkən oyunumuz YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs Siyahısına daxil edilib. O zaman heyvanın bəşəriyyətin irsinin saxlanmasında, qorunmasında rolunun beynəlxalq səviyyədə rəsmi şəkildə tanınması misilsiz bir hadisə idi.Sərgidə Qarabağ atlarının obrazları təsvir olunmuş 29 rəsm əsəri nümayiş olunacaq. Rəssamın heyvanların fiziki keyfiyyətlərini təsvir və təqdim etdiyi realistik dəqiqlik adamı heyrətə gətirir. Ancaq Datsenin bu çapağanlar haqqında rəsm dastanında təsvir etdiyi istilik, anlayış və hörmət hissi heç də az heyranlıq doğurmur. Tablolar arasında Datsenin sevimlisi olan, rəssamın Bakıda yaşayacağı müddətə himayəyə götürdüyü Bəbir də təqdim olunur. Şişkin damarlar, gərilmiş əzələlər, ipək kimi bərq vuran tüklər (axı Qarabağ atlarına havayı yerə “kəhər”, “sarılar”, “qızılı” demirlər), tamaşaçını bir an belə öz cazibəsindən buraxmayan gözlər... Təsvirin dəqiqliyi obrazları nə daxili dinamikadan məhrum edir, nə də təəssüratın canlılığını azaldır...

Datse Ştrausanın təqdim etdiyi obrazlar ürəyin səsi ilə, qəlbin çağırışı ilə yaradılıb. Heyvanlara qarşı böyük məhəbbətin bu obrazları tamamilə saran və onlardan nəşət edərək, xeyirxahlıq, humanizm, sevgi cərəyanları kimi insanın bütün varlığına nüfuz edərək həyatımızı həqiqətən gözəlləşdirir.

Sərgi İyun ayının 4-nədək dsavam edəcək.

Əlavə məlumat üçün telefon nömrələri: +99412 493 58 83, +99450 273 21 80 (saat 10.00-dan 18.00-dək).

16:52