«Qara bazar» əməliyyatı manatı xilas edəcəkmi?

Azərbaycanda maliyyə sisteminin sabit və dayanıqlı, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması üçün, habelə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadilə əməliyyatlarının aparılmasına qarşı daxili işlər orqanları tərəfindən məqsədyönlü və ardıcıl xüsusi əməliyyat tədbirləri həyata keçirilir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Abşeron rayon sakini Səbuhi Əliyev və Bakı şəhər sakini  Emil Əhmədov 41 min 630 ABŞ dolları və 30 min avro məbləğində pulu “qara bazar”da 135 min manata satan zaman saxlanılıblar. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə Nərimanov rayonu ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir şəxs – Bakı şəhər sakini  Kamran Şərifov 54 min 585 ABŞ dollarını 100 min manata satarkən saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 min 600 manat və 7 min 515 ABŞ dolları aşkar edilərək götürülüb. Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Maraqlıdır ki, bir müddət əvvəl MB rəhbəri Elman Rüstəmov «qara bazarda» aparılan əməliyyatların nəticə verəcəyini söyləmişdi. Bundan başqa DTX rəhbəri Mədət Quliyev də bəyan edib ki, qanunsuz dollar satışı ilə məşğul olanların qarşısı bundan sonra da alınacaq. Bəs, atılan bu addımların nəticəsi olacaqmı? Manatın məzənnəsini bu yol ilə qorumaq mümkündürmü?
İqtisadçı Nemət Əliyev bildirdi ki, «qara bazarda» həyata keçirilən əməliyyatlar müəyyən təsirə malik olacaq. Bu istiqamətdə dollar satışı ilə məşğul olanların bundan sonra az gözə dəyəcəyini deyən N.Əliyev vurğuladı ki, amma onların gözə dəyməməsi o anlama gəlməyəcək ki, «qara bazarda»  dollar dövriyyəsi yığışdırılacaq: «Əgər «qara bazardakı» dollar dövriyyəsini həqiqətən də yığışdırmaq istəyirlərsə, o zaman həmin xarici valyutanı qara bazara sürən iri çinli məmurları aradan götürməlidirlər. Yəni onların fəliyyəti dayandırılmalıdır. Sonuncu əməliyyatdan bəli oldu ki, Beynəlxalq Bankın sonuncu rəhbərinin həbsi «aqara bazardakı» dövriyyə ilə bağlı imiş. «Qara bazarda» baş verənlər bank sektorunda oturuşmuş akulaların fəaliyyətinin nəticəsidir. İmitasiya addımları ilə «qara bazar» dövriyyəsini aradan qaldırmaq mümkün deyil».
N.Əliyevin sözlərinə görə, hazırkı dönəmdə «qara bazar» dövriyyəsini yığışdırmaq çox təhlükəlidir. Əgər «qara bazar» dövriyyəsi yığışdırılacaqsa, o zaman idxal əməliyyatları ilə məşğul olan sahibkarlar nə hala düşər: «Əgər «qara bazar»ın fəaliyyəti tam dayanacaqsa, idxal əməliyyatları dayana bilər. İdxalın dayanması isə daxili bazarın böyük həcmdə boşalması və qiymətlərin kəskin artımına təkan verə bilər. Tələb təklifi üstələyə bilər. Bütün bunları hökumət düşünməlidir. Nəzərə alınmalıdır ki, ölkə daxilində valyutaya olan tələbat ödənilməlidir. Bu tələbatın ödənilməsi istiqamətində addımlar atılmalıdır. Əgər bu istiqamətdə real addımlar atılsa, «qara bazarla» məşğul olan adamlara ehtiyac duyulmayacaq».

Xəyal
azadlıq.info 

12:56