Qanuna yeni dəyişiklik vəkillik institutuna nə vəd edir? –Vəkil rəyləri

 

10 milyon əhalisi olan Azərbaycanda 950-yə yaxın vəkil var. Başqa sözlə, hər 11 min 100 nəfərə cəmi bir vəkil düşür. Müstəqil hüquqşünaslar düşünürlər ki, hələ ölkədə vəkilliklə bağlı durum daha da pisləşə bilər. Belə ki, Mülki və İnzibati Prosessual məcəllələrə, eləcə də vəkillik haqqında Qanunun dəyişdirilməsi təklif olunur. Ali məhkəmə verdiyi bu təklifləri vəkillik institutunun daha da möhkəmləndirilməsi ilə izah edir.

Dəyişiklikdə nümayəndəlik institutunun ləğvi nəzərdə tutulur. Başqa sözlə, bu dəyişiklik qəbul olunarsa, məhkəməyə yalnız Vəkillər Kollegiyasının üzvü olanlar çıxa bilərlər. İndiki qanuna görə, bu kollegiyaya üzvü olmayan hüquqşünaslar yalnız cinayət işləri ilə bağlı məhkəmələrə çıxa bilmirlər. Mülki və inzibati məsələlərlə bağlı məhkəmələrdə vətəndaşların müdafiə edə bilirdilər. Hüquqşünas Xalid Bağırova görə, yeni təklif ölkədə hüquqi müdafiəni iflic vəziyyətə sala, məhkəmələrdə rüşvəti, korrupsiyanı genişləndirə bilər: “Rəsmən müdafiəni aparan şəxslərin sırasını daraltmaq istəyirlər. Bütün məhkəmələrdə işlərə ancaq 934 nəfər vəkillər kollegiyasının üzvünü çıxarmaq istəyirlər. Məqsəd vətəndaşı keyfiyyətli hüquqi yardımdan məhrum etməkdir. Hüquqi yardımsız qalan vətəndaş məhkəmədə gözünü döyəcək. Müəyyən vasitələrlə işini həll etməyə çalışacaq. Bununla da rüşvət, korrupsiya daha da genişlənəcək. Korrupsiyaya qapı açmaq istəyirlər”.

Xalid Bağırov adı insan haqları təşkilatlarının siyasi məhbus siyahısında olan bir çox şəxsin hüquqlarını müdafiə edib. Amma “REAL” Hərəkatının lideri İlqar Məmmədovun işi ilə bağlı Şəki Apelyasiya Məhkəməsində çıxışından sonra Vəkillər Kollegiyasından çıxarılıb.

Azərbaycanın bir çox tanınmış hüquqşünasları – Ənnağı Hacıbəyli, İntiqam Əliyev ümumiyyətlə kollegiyaya qəbul olunmayıb. Aslan İsmayılov, Əlaif Həsənov kimi tanınmış vəkillər isə kollegiyadan çıxarılıblar. İntiqam Əliyev deyir ki, bu, ölkədə vəkillik institutuna qarşı ümumi təzyiqin tərkib hissəsidir. Məqsəd də siyasi səbəbdən, saxta ittihamlarla həbs olunan şəxsləri müdafiədən kənar qoymaq, bu proseslərin ictimailəşdirilməsinin qarşısını almaqdır: “Çünki vəkillər istintaq təcridxanalarında, polis idarələrində müdafiə etdiklərə şəxslərə qarşı dəhşətli işgəncə hallarını ictimailəşdirirlər. Vəkillərin məlumatları əsasında bu şəxslərə qarşı olan işgəncələr dünyaya yayılır”.

Elə vəkil Yalçın İmanov da Vəkillər Kollegiyasından çıxarılma təhlükəsi ilə üzləşib. O, ölkədə “sabitliyi pozmaqda” suçlanır. Yalçın İmanovdan Penitensiar Xidmət Nardaran işinə görə həbs olunmuş Abbas Hüseynovun karserə salınması, döyülməsi və ona işgəncələr edilməsi haqda verdiyi məlumatlara görə şikayət verib: “Görünür ki, müdafiə mövqeyim və müdafiə fəaliyyətim kimlərisə narahat edir. Bu narahatlığın da nəticəsi olaraq bu cür şikayətlər ortaya çıxır”.

Cinayət işləri üzrə məhkəmələrdə “Facebook” və digər sosial şəbəkələrdə təcili vəkil axtarılması kimi hallar inzibati və mülki işlərdə də təkrarlana bilər. İnzibati və mülki işlərə nümayəndə kimi çıxan Səməd Rəhimli deyir ki, qərar qəbul olunarsa, onun apardığı onlarla işi yarımçıq qala bilər:“Bu, tək mənim yox, insan hüquqları sahəsində çalışan bir çox hüquqşünasın qarşılaşacağı problemdir. Vəkillər kollegiyasından uzaqlaşdırılan və ya kollegiyaya qəbul olunmayanların apardığı işlər yarımçıq qalasıdır, gələcəkdə onlar kimisə müdafiə edə bilməyəcəklər. Bu da ölkədə insan haqlarının, müdafiə hüququna mənfi təsir edəcək”.

Realmedia.az

10:13