“Qaçqınkom” hökumətin qərarından xəbərsizdir: “Ayrılıb, haradan gedib, kim ayırıb, necə ayırıb?”

 

Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il, 11 saylı qərarı ilə məcburi köçkünlərə kommunal xidmətlərə görə güzəştlər ləğv edilərək 36 manatlıq vahid müavinətlə əvəzləndi. Bu səbəbdən 2017-ci ildə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Komitəyə dövlət büdcəsindən kommunal xidmətlərə görə vəsaitin ayrılması da dayandırıldı. Amma 2018-ci ilin büdcə layihəsində isə Komitəyə yenidən kommunal və kommunikasiya xidmətlərinə görə 37.6 milyon manat ayrılması planlaşdırılır ki, bunun da 30.2 milyon manatı elektrik enerjisi haqlarına görədir.

Ümumilikdə isə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Komitəyə dövlət büdcəsindən 2017-ci ilin gözlənilən icrası ilə müqayisədə 2018-c ildə 51.5 milyon manat (26.6) artıq vəsait ayrılması proqnozlaşdırlır ki, bunun da əsas səbəbi kommunal xidmətlərə görə haqlara vəsaitlərin yenidən bərpa edilməsidir. Eləcə də müavinətlər üzrə də məbləğ 14 milyon manat artımla proqnozlaşdırılıb.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, 2017-ci il yanvarın 24-də "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı var: “Qərarda nəzərdə tutulub ki, məcburi köçkünlərə kommunal xidmətlərə görə güzəştlər ləğv olunur. Əvvəl qaza, işığa, suya görə adam sayına 36 manat müavinət verilirdi. Bu qərardan sonra 2017-ci ilin dövlət büdcəsində Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Komitəyə kommunal xidmətlər üçün xərc müəyyənləşmədi. Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli qərarı var, bundan sonra prezident sərəncam verib məcburi köçkünlər və ona bərabər tutulan şəxslər üçün 36 manat vahid müavinət müəyyənləşdirirb. 2017-ci il üçün dövlət büdcəsində də kommunal xidmətlər üçün nəzərdə tutulan bütün xərclərin qarşısı sıfırlanıb. Amma 2018-ci ilin dövlət büdcəsində Komitəyə yenidən kommunal və kommunikasiya xidmətlərinə görə 37.6 milyon manat ayrılması planlaşdırılır. Bunun da 30.2 milyon manatı birbaşa elektrik enerjisi haqlarına görədir”.

Maraqlıdır, bu addıma səbəb nədir? Güzəştlər bərpa olunurmu? Güzəştlər 365 günə bərpa ediləcəkdisə, niyə ləğv edilirdi? Əgər bərpa edilməyəcəksə, Komitə üçün nəzərdə tutulan vəsaitin məqsədi və təyinatı nədir?

“Cümhuriyət” qəzeti məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxlayıb. Qurum rəsmisi sözügedən məsələni ilk dəfə bizdən eşitdiyini deyib: “Bununla bağlı mənim məlumatım yoxdur. Mən bilmirəm siz onu haradan tapmısız? Ayrılıb, haradan gedib, kim ayırıb, necə ayırıb? Bu haqda heç bir məlumatım yoxdur. Bu barədə aidiyyəti şöbədən məlumat alıb sizə bildirərəm”. Elçin Qədimov məsələ ilə bağlı müəyyən vaxtdan sonra bizə məlumat verəcəyini desə də, qurum rəsmisi hər dəfə olduğu kimi bu dəfə də suallarımıza susqunluqla cavab verdi...

Yeganə Oqtayqızı

Cebhe.info

 

10:48