Pərvin Kərimzadə: Fransa Senatının qətnaməsi destruktiv və təxribatçı siyasətin təzahürüdür

Fransa Senatının noyabrın 15-də Azərbaycana qarşı qəbul etdiyi qətnamə tamamilə obyektivlikdən uzaq və qərəzlidir. Bu sənəd həm də beynəlxalq hüququn normalarına açıq hörmətsizlikdir.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə AZƏRTAC-a açıqlamasında deyib.

Deputatın sözlərinə görə, ermənilərin maraqları naminə Fransanın beynəlxalq hüquqa hörmətsizliyi, bəşəri dəyərləri ayaqlar altına atması ən azı təəssüf doğurur. Bu, o deməkdir ki, Fransa Senatı, Milli Assambleyası, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. Eyni zamanda, Fransa parlamentinin qərarları beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımdır. Fransa Senatı hələ 2020-ci ilin noyabrında - Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərdən qısa müddət sonra “Dağlıq Qarabağın tanınmasının zərurəti haqda” qətnamə qəbul etmişdi. Bu qərəzli yanaşma bu gün də davam etdirilir.

“Bu baxımdan, deputat hesab edir ki, Azərbaycan Milli Məclisinin noyabrın 16-da qəbul etdiyi etiraz bəyanatı tamamilə məntiqli və qanunauyğundur. Belə ki, Fransa Senatının noyabrın 15-də qəbul etdiyi qətnamə və Fransa Milli Assambleyasının bu yaxınlarda səsverməyə çıxarmağa hazırlaşdığı sənəd Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəliklərə, xüsusilə iki ölkə arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” müqavilənin kobud şəkildə pozulmasıdır. Müqavilənin 2-ci maddəsində tərəflərin öz üzərinə beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin olunması üçün öz səylərini sərhədlərin pozulmazlığı prinsipləri əsasında birləşdirəcəklərinə dair öhdəliyi var. Amma Fransa parlamenti atdığı addımlarla açıq şəkildə bu sənədləri görməzdən gəlir ki, bu da ilk növbədə, Fransanın özünün imicinə zərbədir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransanın həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliklərindən irəli gələn vəzifəsidir. Fransanın 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına susmaqla yanaşı, həm də delimitasiya olunmamış Ermənistan-Azərbaycan sərhədinin pozulmasını iddia etməsi əsl riyakarlıqdır. Fransa tərəfindən Azərbaycan qüvvələrinin beynəlxalq səviyyədə tanınan ərazimiz olan, qətnamədə “Laçın dəhlizi” kimi qeyd olunan ərazilərdən çıxarılmasına dair tələbin irəli sürülməsi qətnamənin beynəlxalq hüquqazid, onun müəlliflərinin və dəstəkçilərinin bölgədəki vəziyyətdən xəbərsiz, erməni diasporunun və lobbisinin əlində alət olduğunu açıq göstərir”, - deyə Pərvin Kərimzadə vurğulayıb.

O qeyd edib ki, tarix boyu müstəmləkə siyasəti həyata keçirən Fransanın Afrika ölkələrində yüzminlərlə günahsız insanları qətlə yetirməsi, soyqırımı törətməsi bütün dünyaya məlumdur. Bu baxımdan, Fransa ilə Ermənistanın çox oxşarlığı var. Ermənilər də 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, xalqımıza qarşı soyqırımları törədib. Məhz belə bir təcavüzkar ölkənin rəsmi Paris tərəfindən dəstəklənməsi Fransanın tarixi “ənənələrindən” irəli gəlir. Amma onlar unutmamalıdır ki, Azərbaycan öz torpaqlarını öz gücünə işğaldan azad edib və bu gün regionda söz sahibidir. Bu cür sənədlər qəbul etməklə dövlətimizin dünyadakı nüfuzuna təsir edə bilməzlər. Fransa Senatının və Milli Assambleyasının bu kimi destruktiv və təxribatçı addımları Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur. Ona görə də, Fransanın hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində iştirak etmək cəhdləri qəbulolunmazdır.

Xudaferin.eu

15:49