Prorfessor Yılmaz Kurt: “Azərbaycan tək dövlətdir ki, öz köçkünlərinə sahib çıxa bilib”

Yılmaz Kurt Türkiyədə çağdaş sosial elmlər üzrə aktiv elm xadimlərindən biri sayılır.

Yılmaz bəy eyni zamanda Türkiyənin Samsun 19 Mayıs Universitetinin professorudur. Uzun illərdir burada Türk Dünyasından gələn tələbələrə dərs deyir. Bütün bunlarla yanaşı, həm də Orta Şərq ölkələrində baş verən vətəndaş müharibələrinin nəticəsində tamamilə yalnız qalmış, yüzilliyin dəhşətli acılarını yaşayan İraq və Suriya Türkmanlarının məcbur olaraq “müharibə qaçqınları” statuslarının və onların psixoloji mənada problemlərinin həlli istiqamətində elmi konsepsiyaları ilə çıxışlar edir.  

–Yılmaz bəy sizdə bu qədər enerji haradandır? Bir yandan universitetdə dərs deyirsiniz, o biri yandan tələbələr arasında Türk Dünyası adına bir sıra projeləri həyata keçirirsiniz.
–Bu indiki məqamda o qədər də çətin başa gələn proses deyil. Yetər ki, həvəsin və marağın olsun. Gördüyün hər bir işdən mənəvi baxımdan zövq alasan. Samsun bir milyon əhalisi olan şəhərlərdən sayılır. Bizim universitetdə Türk Dünyasının hər bir bölgəsindən gəlmiş tələbələr təhsil alırlar. Biz orta və yaşlı nəsil Türk Dünyası adına bir sıra prosesləri dərk etsək də, yeni nəslin demək olar ki, bu yöndə bilgisizliyini aradan qaldırmağa çalışırıq. Hər bir türk boyunun tarixini, ədəbiyyatını və mədəniyyətini tələbələrə öyrətməyə çalışırıq. Hətta bunun praktik yollarını tətbiq edirik. Sabah həmin gənc universiteti bitirdikdən sonra öz vətəninə geri döndüyündə Türk Dünyası haqqında ən doğru olan bilgilərə sahib olmalıdır.

–Konkret olaraq Azərbaycanla bağlı nələri tələbələrə öyrədirsiniz?
–Mən ilk öncə Azərbaycandan bizim universitetə təhsil almağa gələn bütün tələbələri alqışlayıram. Sizin təhsil nazirliyinizin dəstəyi ilə burada təhsil alanların hamısından çox razıyıq. Çünki, onlar Azərbaycanda imtəhanlarda yüksək bal əldə ediblər. Daha sonra isə bizim universitetdə təhsil almaq statusunu qazanıblar. Burada tələbələrin özlərinin iştirakı ilə Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti və coğrafiyası adına bir çox elmi konseptual işlər hazırlanmışdır. Biz Azərbaycanın qədim, ortaçağ və çağdaş tarixi dönəmlərinin öyrənilməsi metodologiyasını tədris edirik. Hətta bu yöndə elə tələbələrin iştirakı ilə Azərbaycanla ilgili hər il bir sıra tədbirlər keçiririk. Beləliklə də Türk Dünyasını təmsil edən xalqların nümayəndələri artıq anlayırlar ki, “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”, “Qanlı 20 Yanvar”, “Xocalı Soyqırımı”, “31 Mart Azərbaycan Milli Faciəsi”, “28 May Milli İstiqlal” və digər mərasimlər nə deməkdir. Bütün bunlar elə azərbaycanlı tələbələrin birbaşa iştirakı ilə təbliğ edilir. Bununla yanaşı, azərbaycanlı tələbələr Türk Dünyası ailəsini təmsil edən digər xalqların və dövlətlərini öyrənirlər. Mənim fikrimcə Türk Dünyası üçün bu yeni bir prosesin başlanğıcı və təməli deməkdir. Universitetimizin kitabxanasında ayrıca Türk Dünyası bölümü fəaliyyət göstərir. Bu yöndə daha dərin bilgilər əldə etmək istəyən tələbələr üçün bütün imkanlar yaradılıb. Onu da qeyd etmək istəyirəm ki, kitabxanada yer alan əksər kitabları elə tələbələrin özləri hədiyyə ediblər.

–Azərbaycanda demək olar ki, hər kəs İraq Türkmanlarını dil, tarix və mədəniyyət baxımından bizim bir parçamız kimi qəbul edir. O da bəllidir ki, Azərbaycanın tarixi ərazilərinin 20 faizi bu gün işğal altında olduğu üçün, bir yandan da bir milyondan artıq köçkün problemlərimizə görə, yetərincə qardaş İraq Türkmanlarının yanında yer ala bilmirik. Siz bu yöndə nə düşünürsünüz?
–İlk öncə qeyd edim ki, Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün bir deyimi var: “Türk milləti bu gün hansı toplumun adi ilə adlandırılmasına baxmayaraq, o zatən Türkdür. Türk milləti hər zaman zəhmətkeş olub. Alnının təri ilə öz həyat düzəninə sahib çıxmağı daha yaxşı bacarır”. İraq və Suriya Türkmanları da milli varlıq olaraq bütün bu dəyərlərə sahibdirlər. Bu gün Orta Şərqdə yaşanılan vətəndaş savaşlarının baş verməsində türkmanların heç birinin suçu yoxdur. Onlar hər zaman öz milli varlıqlarının qorunması və yaşadılması üçün çalışıblar. Hər hansı bir millətə qarşı kin və küdurət dolu siyasətlərin içində də yer almayıblar. Ancaq, min dəfələrlə təəssüflər olsun ki, bölgədə dərin strateji maraqları olan sömürgəçi dövlətlər bir sıra xalqları bizə, yəni İraq və Suriya Türkmanlarına, həm də Türkiyəyə qarşı yönəltməklə öz siyasətlərini yürüdürlər. Elə Qarabağ savaşı və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal altında saxlanılması bu hədəflərə hesablanmışdır. Biz buna görə də “Uluslararası Köç Konqresi” tədbirlərinə qatılaraq, Qarabağla bağlı problemləri qabardırıq. Doğrudur İraq və Suriya Türkmənləri, həm də Krım Tataralarının müharibə qaçqınları statuslarına görə  daha çox diqqət yetirmək məcburiyyətindəyik. Ona görə ki, bu xalqları dəstəkləyən bir dövlət olsun belə yoxdur. Azərbaycan dünyada yeganə ölkədir ki, əraziləri işğal olunan və daxili köçgünlərinin bütün sosial problemlərinin həllində vətəndaşlarının arxasında dayanmaq iradəsini nümayiş etdirib. Buna görə də Azərbaycan dövlətinin və xalqının qarşısında baş əyirəm. Bütün məşəqqətlərə, çətinliklərə və imkansızlıqlara dözərək öz məcburi köçkünlərinə sahib çıxa bilib. İraqda yaşayan 40 minlik erməni əhalisi savaş başlayan kimi pərən-pərən oldular. Daim “dünya erməniləri lobbisi”nin gücündən bəhs etməyi sevən ermənilər “savaş qaçqınları”na çevrilmiş soydaşlarına yaxın durmadılar. Ermənistan onlara qaçqın statusu verməkdən imtina etdi. Eləcə Suriya erməniləri də həmin aqibəti yaşadılar. İraq və Suriya Türkmanlarının az qismi Türkiyəyə məcbur olaraq köçmək zorunda qalıblar. Onlar Türkiyədən və başqa dövlətlərdən ələbaxımlılıq istəmədilər. Onlar bildirdilər ki, sadəcə işləmək və yaşamaq imkanı yaradılsın. Hansısa yardımlara görə nə bədənlərini, nə namuslarını, nə də kimliklərini kimsəyə satmadılar.

–Siz həm də psixoloq və sosioloq kimi onlara yardımlar edirsiniz.
–Bəli, bu mənim ixtisasımla bağlı olduğu üçün, müharibə görmüş insanların və özəlliklə də uşaqların mənəvi sarsıntılarının aradan qaldırılmasına yardımçı olmağa çalışıram. Axı onların çoxu odlu silahların dəhşət saçan alovundan öz həyatlarını zorla qurtaraq biliblər. İnsan hər an ölümlə üz-üzə qaldığında daxilən və psixoloji baxımdan çox dərin yaralara yol açan sarsıntılar keçirir. Bu çox ağır və üzücü prosesdir. Mən həm də alim kimi bu yöndə elmi konfranslara qatılaraq, müharibə şəraitində yaranan insan və təbiətin ekoloji problemləri haqqında məruzələr edirəm. Mövcud problemlərin bəşəri xarakter daşıdığını incələyir və xüsusilə müharibə şəraitində əlil qalmış insanların, uşaqların problemlərinin həlli istiqamətində təcrübəimizə əsaslanan elmi məruzələrlə çıxışlar edirəm. Bizim konsepsiyamızda müharibə dəhşətlərini görmüş insanların həyata olan inamlarının artması üçün onların ictimai prosesdə iştirakının təmin edilməsi, bacarıqları çərçivəsində müxtəlif dərnəklərdə fəaliyyət göstərmələrinə yardımçı olmanın düzənini gündəmə gətiriik. Onlar üçün kurslar yaradaraq müxtəlif peşələri mənimsəmələrinə yardımçı oluruq. Öz həyat düzənini təmin etmələri üçün gərəkən imkanlara yolun açılması kimi çox ağır bir prosesin ictimai xarakter daşımasına çalışırıq. Hətta bu yöndə ailələrdə ömürlük əlil olan insanların sağlam həyat tərzinə uyğun şəkildə sorunlarının çözülməsi kimi geniş şəbəkələrin qurulmasını düzənləyirik.

–Axı bir sıra dini təşkilatlar iddia edirlər ki, müharibə qaçqınlarına onlar qədər can yandıran olmayıb.
–Bütün bunlar yalan və uydurma hekayələrdir. Mən özüm Azərbaycanda Qarabağdan olan köçkünlərin arasında elmi araşdırmalar aparmışam. İstər xristian, istərsə və islam adına Azərbaycana gələn humanitar yardım təşkilatlarının hamısı missionerliklə məşğul olmuşlar. Aradan illər ötməsinə baxmayaraq, indi bütün bunların fəsadları bir-bir üzə çıxmaqdadır. Türkiyədə də zatən durum belədir. “Camaat” birlikləri adına əhalidən köçkünlərə dəstək adına toplanılan yardımlar sonucda dindarların mənfəətlərinə yönəlir. Onları ilgiləndirən tək hədəf isə, özlərinin təriqət və məzhəblərini təbliğ etməkdir. İnsan acından ölür, bunlar da gəlib deyirlər ki, yenicə açdığımız TV kanalda, dərgidə, qəzetdə, nə bilim başqa bir təbliğat vasitəsində onların hansısa təriqətini, məzhəbini tərifləsinlər. Belə müsəlmanlıqmı olar? Əhalidən müharibə qaçqınlarına humanitar yardım adı ilə alınan ianələrlə mədrəsələr açırlar və orada ancaq xurafat dərsi verirlər. Mən indiyə kimi bu tip cəmiyyətlərin xəstəxana, sivil məktəb, kitabxana, peşə sahələrinin öyrənilməsi üçün kursların yaradılması kimi humanizmi görmədim. Bu tip qurumlar günümüzün əsil feodallarına çevriliblər.

–Bir alim kimi Qarabağın azad edilməsinin perspektivini necə görürsünüz?
–Qərb dövlətləri anlamalıdırlar ki, XV yüzillikdən üzü bu yana türk xalqlarına qarşı olan tarixi ədavətə son qoyulmalıdır. Türk Dünyası ailəsinə mənsub olan xalqların və dövlətlərin heç biri qonşu dövlətlərin ərazilərinə iddia etmirlər. Hansısa xalqın nə dininin, nə də dilinin assimliasiyaya uğraması üçün dövlət siyasəti aparmırlar. Qonşu və strateji müttəfiqimiz Gürcüstana baxın. Borçalı vilayətində yaşayan 600 minlik azərbaycanlılar heç zaman Gürcüstanın tərkibində olsa belə, ayrıca muxtar respublika statusunu tələb kimi irəli sürmədilər. Sadəcə öz milli kimliklərinin qorunması üçün mədəni statusları üçün çalışırlar. Ermənilər isə Azərbaycandan “Dağlıq Qarabağ” və Gürcüstandan “Cevaxk” adlı əraziləri tələb edirlər. Ermənilər Güney Azərbaycandan və Türükiyədən də torpaq iddiası kimi xəyali iddialarını sürdürürlər. Elə götürək Türkiyəni. Bolqarıstan, Yunanıstan, Bosniya-Hersoqovina, Xorvatiya, Albaniya, Makedoniya, Rumıniya kimi balkan ölkələrində bir milyondan çox türk insanı yaşayır. Ancaq, heç bir dövlətdə biz türklər ayrıca statusla etnik bölücülük siyasətlər aparmırıq. Bütün bunları görüb də Qərb dövlətləri özəlliklə dəyərləndirməlidir. Ona görə də erməni işğalı siyasətinə birbaşa Qərb dövlətləri son qoymalıdırlar. Bu bir həqiqətdir.

–Bəs türk diasporları anlayışının inkişafı üçün nə etmək gərəkdir?
–İldə bir neçə dəfə Avropa dövlətlərində elmi konfranslara qatıldığım zaman paralel olaraq türk diaspor təşkilatları ilə görüşür və onların qarşısında təmənna güdmədən məruzələr oxuyuram. Faktiki olaraq, Türkiyə, Azərbaycan, İraq, Suriya, Krım, Doğu Türküstan türkləri arasında heç bir sorun yoxdur. Son illər bu xalqlara məxsus diaspor təşkilatlarının ortaq fəaliyyətlərindən qürur duyuram. İndi bütün Avropa boyunca sayları beş milyona yaxın və türk xalqlarını təmsil edən güclü diaspor strukturu formalaşmaqda və inkişaf etməkdədir. Ona görə də, ermənilərin dili tədricən Avropada qısalmağa başlayıb. Artıq Avropa xalqları dərk etməyə başlayıblar ki, biz türklərə qarşı uzun illər erməni təbliğatının bir parçası olan “türk düşmənçiliyi”nin sonu yoxdur. Bir də onu qeyd etmək istəyirəm ki, ən böyük problemlər elə öz aramızda yaranır. Proseslərə elmi şəkildə qiymət verilməyincə problemlər də həll olunmayacaq. Mən çox istərdim ki, Azərbaycan alimləri diaspor təşkilatları ilə daha sıx təmasda olsunlar. Türkiyə demək olar ki, bu problemi həll edib.

Söhbətləşdi: Ə. Yusifoğlu    

11:57