Prezident İlham Əliyevin Ərəb Sammitindəki çıxışı Yaxın Şərq və Şimali Afrika ölkələri mediasının diqqət mərkəzində olub

Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairdə təşkil edilən Ərəb Dövlətləri Liqasının 31-si Sammitində çıxışı Yaxın Şərq və Şimali Afrika ölkələri mediasının diqqət mərkəzində olub.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Misirin “Nile”, “Egypt1”, “CairoNews”, İordaniyanın “Əl Məmləkə”, Əlcəzairin “Algeria1”, həmçinin “Skynews Arabia”, “Al Arabia” və digər telekanallar Prezident İlham Əliyevin Sammitdəki çıxışını canlı yayımla təqdim ediblər.

Misirin “Əl Məsr Əl Yom” qəzetində dövlətimizin başçısının Sammitdəki çıxışında Qoşulmama Hərəkatına sədrliyi ilə bağlı, o cümlədən Azərbaycanın COVID-19 pandemiyası zamanı 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərməsi, bu qlobal problemlə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin təşəbbüskarı olması və Hərəkatın Sammitini təşkil etməsi barədə fikirlərinə geniş yer verilib. Məqalədə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev ərəb ölkələrinin liderlərini gələn ilin martında təşkil olunacaq Qoşulmama Hərəkatının Sammitinə dəvət edib.

Əlcəzairin APS, Bəhreynin BNA, Küveytin KUNA, Misirin MENA agentlikləri, həmçinin “Əl Əhram”, “Dar Əl Hilal”, “Əl Bəvəb”, “Əl Osbua” və digər media orqanlarında “Azərbaycan Prezidenti Ərəb Sammitini dəstəklədi” sərlövhəli məqalə dərc olunub. Yazıda diqqətə çatdırılıb ki, Ərəb Sammitinin Fəxri qonağı olan Prezident İlham Əliyev öz ölkəsi ilə Ərəb Dövlətləri Liqasına üzv dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini bildirdi, onlarla həmrəyliyini ifadə etdi.

Məqalədə Prezident İlham Əliyevin Sammitdəki çıxışından əsas məqamlara toxunulub və qeyd edilib ki, Azərbaycanın dövlət başçısı öz ölkəsinin də Əlcəzair kimi uzun illər işğaldan əziyyət çəkdiyini deyib. Dövlət başçısı Ermənistanın işğalı dövründə Azərbaycana göstərdikləri dəstəyə görə ərəb qardaşlarına və İslam dövlətlərinə təşəkkürünü bildirib. Prezident İlham Əliyev, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq prosesi, azərbaycanlıların doğma yurdlarına qaytarılması istiqamətində “Böyük Qayıdış” proqramının həyata keçirilməsi barədə məlumat verib.

 

Oqtay Bayramov

Xudaferin.eu


 

17:17