Prezident İlham Əliyev Fransa Respublikasının milli bayramı münasibətilə fransalı həmkarına təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının milli bayramı münasibətilə Prezident Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda bu ilin Azərbaycan-Fransa dövlətlərarası əlaqələrinin tarixində əlamətdar ildönümü olduğu vurğulanır. “Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz cari ildə biz ötən dövr ərzində əldə etdiyimiz nailiyyətlərə nəzər salır, iqtisadiyyat, energetika, mədəniyyət, təhsil və digər sahələrdə formalaşmış səmərəli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanlarını araşdırırıq. Hesab edirəm ki, müxtəlif istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün perspektivlər vardır”, - deyə Azərbaycan Prezidenti bildirib.

Məktubda daha sonra deyilir: “Cənubi Qafqazda bərqərar olmuş yeni geosiyasi reallıq davamlı sülh və regional iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaratmışdır. Torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan müharibə səhifəsini çevirmək, Ermənistanla münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaq istəyindədir. Beynəlxalq hüquqa söykənərək tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə Fransanın dəyərli töhfə verə biləcəyinə inanırıq”.

İşğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış minaların bərpa və yenidənqurma işlərinə, bölgənin sosial-iqtisadi reinteqrasiyasına ən böyük əngəl olaraq qaldığını diqqətə çatdıran Prezidenti İlham Əliyev qeyd edib ki, 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxs mina hadisələri nəticəsində həlak olub və ya ağır xəsarət alıb.

Ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi töhfəni təqdir edən dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də Fransa lazımi dəstək göstərəcək.

Xudaferin.eu

16:40