Prezident İlham Əliyev: Bu gün Azərbaycan iqtisadi və siyasi cəhətdən heç kimdən asılı olmayan nadir ölkələrdəndir

Bütün bu nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində söyləyib.
Bu ilin iqtisadi göstəricilərinin postpandemiya dövrü üçün qənaətbəxş olduğunu bildirən dövlətimizin başçısı deyib: “İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə - 130 milyard manata çatıb. Bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq bizim xarici dövlət borcumuz xeyli azalıb. Bu vəzifəni bir neçə il bundan qabaq mən hökumət qarşısında qoymuşdum ki, bizim xarici borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərəm ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir”.

Xudaferin.eu

13:00