Praktik Hüquqşünaslar Qrupunun 18 Noyabr mitiniqi ilə bağlı bəyanatı

 

Bildiyimiz kimi nümayəndəlik institutunu iflic edən və məhkəmələrdə hüquqi nümayəndəlik fəaliyyətini Vəkillər Kollegiyasının müstəsna inhisarına verən son qanun dəyişiklikləri ilə bağlı 18 Noyabr 2017-ci il tarixinə Praktik Hüquqşünaslar Qrupu mitinq təyin etmişdi. Mitinqlə bağlı 6 Noyabrda Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edilmişdi. Müraciətdə mitinqin vaxtı, yeri (Məhsul Stadionu), gözlənilə bilən iştirakçı sayı (500-5000) göstərilmişdi. BŞİH 15 Noyabr tarixli məktubla cavab verib.

 

Məktubun mətnindən belə bəlli olur ki, İcra hakimiyyəti nəinki mitinqin keçirilməsilə razılaşmır, ümumiyyətlə səlahiyyətlərini aşaraq həmin qanun layihələrinə hər hansı mövqe bildirilməsini belə məqəsədəuyğun hesab etmir. Belə ki, cavabda ilk əsas kimi belə qeyd edilib ki, artıq qanun layihələri artıq qəbul edilib və Prezident imzalayıb, həmin qanun layihələrinə hər hansı mövqe bildirmək məqsədəuyğun hesab olunmur. İkinci əsas kimi, əslində isə “bəhanə” kimi gözlənilən-təxmini iştirakçı sayı barədə rəqəm irad edilib. İcra hakimiyyətinin fikrincə müraciətdə göstərdiyimiz 500-5000 rəqəmi guya qeyri-müəyyəndir və buna görə təhlükəsizliyi təmin etməyə imkan vermir. Bu cavabla bağlı bildiririk ki, ilk növbədə dinc toplantıya icazə verilməməsinə hər hansı əsaslar olmadığı halda, icra hakimiyyəti bu ifadə azadlığı formasına razılıq verməyərək onu məhdudlaşdırıb. Belə ki, icazəsiz mitinqlərlə bağlı kobud polis müdaxiləsi praktikası Azərbaycanda hamıya bəllidir və belə cavab icazəsiz mitinqin zorakı güclə dağıdılacağı gözləntisi ilə real və demək olar ki qaçılmaz şəkildə üz-üzədir. Avropa Məhkəməsində də (başqa işlər arasında, Qafqaz Məmmədov v. Azərvaycan işi) dəfələrlə bu yanlış praktika tənqid edilərək qanunsuz hesab edilsə də, təəssüf ki, hələ də davam edir. Ona görə də, Azərbaycan reallığında iştirakçıların icazəsiz mitinqdə sağlamlıq, təhlükəsizlik və hüquqlarının pozulmasına olan real müdaxilə risklərini nəzərə alanda, belə cavab-imtina sərbəst dinc toplantının keçirilməsini 18 Noyabr tarixi üçün mümkünsüz edir.
İcra hakimiyyəti nəinki ifadə azadlığına və sərbəst toplaşma hüquququmuza heç bir qanuni əsas olmadan müdaxilə edib, bununla kifayətlənməyərək, ümumiyyətlə qanun layihəsinə hər hansı mövqe bildirilməsini məqsədəuyğun saymayıb. Hesab edirik ki, imtina cavabının məzmun-mahiyyətini elə bu ifadə açıqlayır. Ona görə də ikinci “əsas”la (bəhanə) ilə bağlı uzun-uzadı qeydlər etməyə ehtiyac görmədən, təkcə onu bildirməyi kifayət bilirik ki, 500-5000 sayı təqribi minimal və maksimal gözləntini göstərirdi. Bu rəqəmlər (1) başqa mitinqlərlə bağlı müraciət dəfələrlə tətbiq edilmiş və qəbul edilmiş normal praktikadır və (2) Azərbaycanda mitinq reallığı baxımdan kifayət qədər müəyyən idi, (3) mahiyyətcə gələcəyə aid olduğu üçün özlüyündə ifrat qəti müəyyən ola bilməz və belə tələb qoyula bilməz (4) rəqəmlərin minimal və maksimal gözləntisi arasında fərqin böyük-kiçikliyi onu qeyri-müəyyən etmir. Çünki ən azından iştirakçıların təhlüksizliyinin qeydinə qalan dövlət orqanı bu qədər narahatdırsa göstərdiyimiz maksimuma hazır ola bilər, buyurub hazırlıqlarını ona uyğun qura bilər. Rəqəmlər isə məsələnin mahiyyətinə görə, yəni gələcəyə aid olduğu üçün təbii olaraq maksimal dəqiq olmalı deyil, ölkə reallığına ağkabatan yaxın olmalıdır. Bizim göstərdiyimiz rəqəmlər buna cavab verir. Belə halda aydın deyil ki, icra hakimiyyəti hansı meyarla və bundan artıq daha nə qədər dəqiq rəqəm standartı müəyyən edir və ya etməyə haqqı var. Buna görə də əvvəlcədən ümumiyyətlə mövqe bildirməyi irad bildirən orqanın bu texniki “əsası” sırf əsaslandırma görüntüsü yaratmağa xidmət etmiş ucuz bəhanəpərdazlıqdan başqa bir şey deyil, təhlükəsizlikdən saya görə narahat olan orqan yazdığımız ən maksimuma asanlıqla hazır ola bilər.

Beləliklə, Praktik Hüquqşünas Qrupu bu imtina məktubunu ifadə azadlığı və sərbəst toplaşma azadlığına kobud müdaxilə sayır və ondan məhkəməyə şikayət verəcək.

 

Mitinqin keçirilməsinə gəldikdə isə, 18 Noyabr mitinqi yuxarıda qeyd edilən əsaslara görə keçirilmir. Lakin Qrup mitinq mövzusunun gündəliyindən çıxarmır və növbəti günlərdə bu məsələ ilə bağlı müzakirələrini davam etdirərək bu barədə növbəti addımlarını və qərarını ictimaiyyətə açıqlayacaq. Qrup qanun dəyişiklikləri ilə bağlı müxtəlif formada (müsahibələr, alternativ təkliflər, tənqidi materiallar, sosial media fəaliyyəti) öz tənqidi işini aparır və mitinq keçirilməsindən asılı olmayaraq bu barədə fəaliyyətini davam etdirməkdə israrlıdır.
 

Azadliq.info

 

10:45