Politoloq: İsrail-İran qarşıdurması regionumuz üçün təhlükədir

İsrail baş naziri Binyamin Netanyahunun xalqına edəcəyi müraciət sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. 

İsrailli sosial şəbəkə istifadəçiləri İranın qarşıdakı 48 saat ərzində İsrailə qarşı hərbi əməliyyatlara başlamağı planlaşdırdığını və hökumətin bununla bağlı kəşfiyyat məlumatı əldə etdiyini iddia edir.

İran və İsrail arasındakı münasibətləri şərh edən politoloq Arzu Nağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, iki ölkə arasında münasibətlər gərgin olsa da, real hərbi əməliyyatların baş verəcəyi inandırıcı deyil:

“Son vaxtlar Şimali və Cənubi Koreya dövlətləri arasında münasibətlər normallaşdıqca, nüvə məsələsində Qərb üçün önəmini artıran bir nömrəli ölkə İran olur. Şimali Koreya heç bir sınağın olmayacağını bəyan edəndən sonra nüvə problemi İranın üzərində fokuslaşır.

İsrail də öz növbəsində bu məsələləri qabartmaqda davam edir. ABŞ-ın əsas prioriteti nüvə proqramı ilə, yəni İranla bağlıdır.

İran Suriya məsələsində anti-İsrail siyasətini davam etdirməkdədir. İran Suriyanın İsrailə yaxın ərazilərində aktivliyini artırır. İsrail də anti-terror əməliyyatlarını artırmaqdadır. İsrail Suriya ərazisində İrana məxsus elit hərbi dəstələrə zərbə endirməyə çalışır. Hesab edirəm ki, burada əsas problem yenə də Suriyadır.

Birbaşa İsrail-İran qarşıdurmasının reallaşması inandırıcı görünmür. Belə bir qarşıdurma yalnız regional deyil, qlobal dəyişikliyə gətirib-çıxara bilər. Rusiyanın buna imkan verəcəyi real görünmür. Türkiyə də müharibə və qarşıdurma tərəfdarı deyil. Bütövlükdə, dünyanın belə bir müharibəyə imkan verəcəyini güman etmirəm”.

Oxu.az

16:38