Politoloq: Azərbaycanın İƏT-də əldə etdiyi uğur erməni yalanlarına məruz qalmış ölkə və təşkilatlara tutarlı cavabdır

Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Dövlətimiz həm 2020-ci ildə qazandığı Qarabağ Zəfərinə qədər, həm də ondan sonra bu istiqamətdə apardığı siyasət nəticəsində mühüm nəticələr əldə edib. Üzv olduğumuz BMT, ATƏT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlarda Ermənistanın işğal siyasəti pislənib, onun Azərbaycan torpaqlarından çıxmasını əks etdirən qətnamə və bəyanatlar qəbul edilib. Bunun nəticəsində Ermənistan sivil dünyadan təcrid olunmuş vəziyyətə düşüb, qeyri-konstruktiv davranışı dünya ictimaiyyətinə çatdırılıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, Azərbaycanın üzvü olduğu və hər zaman ölkəmizin həqiqətlərini dəstəkləyən beynəlxalq təşkilatlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan 1991-ci ildə təşkilata üzv olsa da, 1993-cü ildən sonra təşkilat daxilində aktiv rol oynamağa başlayıb. İƏT-in 1994-cü ildə Kasablankada keçirilən Zirvə toplantısında, 1996-cı ildə Cakartada İƏT-ə üzvü olan dövlətlərin xarici işlər nazirlərinin 24-cü konfransında, 1997-ci ildə Tehranda və 2000-ci ildə Dohada keçirilən Zirvə toplantılarında Ermənistanın Azərbaycana təcavüzü haqqında qətnamələr qəbul edilib. İƏT Ermənistanı birmənalı şəkildə təcavüzkar dövlət kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

“İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının martın 22-23-də keçirilən 48-ci sessiyasında da Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dörd qətnamə qəbul edilib.

Pakistanın İslamabad şəhərində “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda təşkil edilən konfransda “Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni ziyarətgahların dağıdılması və təhqir edilməsi” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar aspektləri ilə bağlı müddəalar əks olunub. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işlərinin əhəmiyyəti yüksək qiymətləndirilib”, - deyə Y.Hacızadə vurğulayıb.

Politoloq diqqətə çatdırıb ki, Ermənistanın öz məğlubiyyətini əks etdirən 2020-ci il 10 noyabr Bəyannaməsini imzaladıqdan sonra da işğalçılıq siyasətini davam etdirməsi hər bir sivil dövləti və beynəlxalq hüququn prinsiplərindən çıxış edən beynəlxalq təşkilatı narahat etməlidir. Çünki Ermənistanın insan hüquqlarından kənar davranışları, işğal və təcavüz siyasəti regional və beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması üçün təhlükə yaradır.

Amma təəssüflər olsun ki, hələ də bəzi beynəlxalq təşkilatlar ikili standartlardan, dini, irqi ayrı-seçkilikdən çıxış edərək Ermənistanın bu siyasətini, işğal nəticəsində dağıtdığı şəhərləri, mədəni-tarixi abidələri, milyonlarla qaçqın və köçkünün pozulmuş hüquqlarını görmək istəmirlər.

“Əlbəttə, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında əldə etdiyi böyük uğuru erməni yalanlarına məruz qalmış ölkə və təşkilatlara tutarlı cavabdır. Bütün dünya şahid oldu ki, ölkəmiz beynəlxalq hüququn prinsipləri daxilində, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan qətnamə və qərarların icrasını təmin edə biləcək iqtisadi, siyasi və hərbi gücə malikdir”, - deyən Yalçın Hacızadə fikirlərini sonlandırıb.

Xudaferin.eu

15:11