“PEJAK”ın terroruna etiraz etdiyi üçün tutulan fəallar sərbəst buraxıldılar

 

Güney Azərbaycanın Xoy şəhərində “PEJAKkürd bölücü terror təşkilatının törətdiyi terror aktına etiraz etdiklərinə görə tutulan Güney Azərbaycan Milli Hərəkatının fəalları sərbəst buraxıldılar.

 

Fəallar Çaldıran şəhərində törədilən terror aktında şəhid olan sərhədçilərin dəfn mərasimi zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb. Xoy şəhərinin milli-mədəni fəallarından ibarət olan etirazçılar polis tərəfindən yaxalanaraq bu şəhərin Polis İdarəsinin Təhlükəsizlik Bölümünə aparılıb. Fəalların noyabrın 5-də sərbəst buraxıldığı bildirilir.

 

Hadisə ilə bağlı yaxalanan fəallardan 6-nın kimliyi müəyyənləşib:

 

Səid Purcəfər, Həmid Purcəfər (Azərbaycan Mədəniyyət Ocağı müəssisəsinin katibidir), Vahid Səfəri Yekani, Fərşad Kərimzadə Biləvari (Xoy Günəbaxan Ocağı müəssisəsinin katibidir), Həsən Camali və Cavad Əhmədi Yekani.

 

Məlumata görə, fəalların azadlığa buraxılması üçün 20 milyon tümənlik mülki vəsiqə tələb olunub, lakin bu tələb azərbaycanlı fəalların kəskin etiraz və müqaviməti ilə üzləşib.

 

Xatırladaq ki, noyabrın 3-də Türkiyə ilə sərhəddə yerləşən Güney Azərbaycanın Çaldıran şəhərində “Pejak” terrorçuları 8 sərhədçinin olduğu avtomobilə silahlı hücum edərək onları qətlə yetiriblər. Şəhidlərin 7-ı Azərbaycan, biri isə Türkmən türklərindəndir.

 

09:37