Payızda çiçək yağışı: məşhur diktor Rafiq Hüseynov son mənzilə yola salındı

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında izdihamdan tərpənmək olmurdu. Həmişə ekranda, efirdə görməyə adət etdiyimiz xalq artisti, məşhur diktor Rafiq Hüseynovun qara lentlə haşiyələnmiş portreti sanki çiçək yağışına qərq olmuşdu.

Mərhum diktorun vida mərasiminə dövlət rəsmiləri, sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri ilə yanaşı, onun çoxsaylı pərəstişkarları da toplaşmışdı. Rafiq Hüseynov ömrünün erkən çağlarından həyatını televiziyaya bağlayıb. Hələ 17 yaşında işıqçı işləməyə başlayıb və sədr müavini vəzifəsinədək uzun yol keçib. 1966-cı ildən diktorluq fəaliyyətinə başlayan Rafiq ekrana səmimiyyət, nitq mədəniyyəti gətirdi. O, efirdə yazıçı ilə yazıçı, musiqiçi ilə musiqiçi, teatr işçisi ilə teatrşünas kimi danışırdı, həm informasiya, həm bədii, həm də ictimai-siyasi mətni mövzuya uyğun ahəng və avazla səsləndirirdi. Rafiq Hüseynov keçmiş sovetlər ittifaqı məkanında ən yaxşı diktorlardan biri idi. Moskvadan mərkəzi televiziyada işləməyə dəvət alsa da, bu təklifi qəbul etməmiş, doğma televiziyanı üstün tutmuşdu...

Bütün bunlar barədə Mahnı Teatrında keçirilən vida mərasimində danışılıb. Mərasimin aparıcısı teatrşünas, professor İlham Rəhimli Azərbaycan Televiziyasında diktorluq ənənələrinin layiqli davamçısı olan Rafiq Hüseynovun keçdiyi sənət yolundan, bənzərsiz istedadı və təkrarsız üslubundan ətraflı bəhs edib. Qeyd olunub ki, Rafiq efirdə həmsöhbətinə geniş imkan yaradır, öz mədəniyyəti, təmiz, səlis və cazibəli nitqi, ən başlıcası, səs tembri ilə hamını heyran edirdi.

Xalq artisti, rejissor Ramiz Həsənoğlu, mərhum diktorun həmkarları Əli Məmmədov və Eldost Bayram, yetirmələri Nərgiz Cəlilova və Rafiq Haşımov və başqaları Rafiq Hüseynov sənətinin ən müxtəlif məziyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Əməkdar Artist Gülşən Əkbərova isə onu virtuoz diktor adlandırıb. Çıxışlarda vurğulanıb ki, o, ana dilimizin saflığı keşiyində dayanmaqla bərabər, həm də rus dilində çox səlis və aksentsiz danışırdı. Səsləndirdiyi diktor mətnləri, sənədli filmlər, aparıcısı olduğu müəllif verilişləri onun qiymətli yadigarı kimi televiziyanın fondunda qorunub saxlanılır.

Xatirələrdə öz ürəyəyatımlı səsi, bənzərsiz diksiyası ilə qalan Rafiq Hüseynov son mənzilə yola salındı. Bəlkə də ilk dəfə olaraq “Gələn görüşlərədək” demədən getdi. Bu payız günü Mahnı Teatrının səhnəsi də, mərhum diktorun tabutu da, son mənzili olan məzarı da gül-çiçəyə büründü.
Onu da qeyd edək ki, Tanınmış diktor Rafiq Hüseynov 1946-cı il avqustun 4-də Şuşada anadan olub. Həyatının böyük hissəsini Bakıda, İçərişəhərdə keçirib. Kiçik yaşlarından atasız qalan Rafiqi və bacısını anası böyüdüb. Onun Azərbaycan televiziyasına gəlişi 17 yaşına təsadüf edib. O, televiziyada işə işıqçılıqdan başlayıb. İki il sonra isə diktorluq müsabiqəsinə qatılıb və qalib gəlib. 1966-cı ildən diktor kimi fəaliyyətə başlayan R.Hüseynov 1990-cı ilə qədər AzTV-də çalışıb. Həm insani keyfiyyətləri, həm də sənəti baxımından hər kəsin rəğbətini qazanan diktor uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib. Oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib.

Redaksiyadan: “Avropa Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, “Xudafərin” dərgisinin və “Xudaferin.eu” saytının təsisçisi və baş redaktoru Elman Mustafazadə ünlü diktor, görkəmli şəxsiyyət, xalq artisti Rafiq Hüseynovun vəfatı ilə bağlı Azərbaycan xalqına, doğmalarına və bütün dostlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verir. Uca Tanrıdan rəhmət diləyir.

Xudaferin.eu

"Bakı Bürosu"

 

09:50