Paşinyanın qələbəsi regionumuza xeyirli olsun!​

Nəticələrindən asılı olmayaraq, hətta Paşinyanın partiyası qalib gəlməsəydi belə, seçki kampaniyasının özü bir proses kimi yadda qalacaqdı, azad, ermənilərin özlərinin dediyi kimi, həddən artıq demokratikliyilə. 
Şəffaf və azad seçki Azərbaycan vətəndaşı üçün əlçatmazdır. Amma həm də nümunədir. Bu üzdən azərbaycanlılar eyni maraq və diqqətlə həm də Moldovadakı və Macarıstandakı seçkiləri izləmişdi.
Digər tərəfdən, marağa səbəb amillərdən biri də Rusiya ilə bağlıdır. Rusiya boyunduruğunun bu günkü qədər rədd edilməsi heç zaman olmamışdı. Heç kim Rusiyanı yanında, dostluğunda görmək istəmir. Ermənistandakı seçkilərin nəticələri həm də Cənubi Qafqazın Rusiyanın siyasi boyunduruğundan çıxmasının bünövrəsini qoymuş oldu. Paşinyanın qələbəsi bu baxımdan önəmlidir. 
Onu da unutmayaq ki, Paşinyana son qələbələrini  həm də Azərbaycan əsgəri qazandırdı. Məhz şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində Ermənistan daha artıq asayiş tamarzısıdır. Buna görə sülh, təhlükəsizlik və əməkdaşlıq yolu qalib gəldi. 
O ki, qaldı, Paşinyanın özünə olan rəğbətə, bu rəğbət onun öz ölkəsində yürütdüyü siyasət və Rusiya ilə açıq-açığına ardıcıl olaraq kəllə-kəlləyə gəlməsi ilə bağlıdır, rəğbətdən daha çox qibtə, hardasa hətta həsəd deyərdim.
Və sonda, Ermənistan qədim Azərbaycan torpağıdır. Onun Rusiyanın əlindən çıxmasını gözləmək və sevinmək lazımdır! Odur ki, Paşinyanın qələbəsi regionumuza xeyirli olsun!

Arzu Qazıyeva

Xudaferin.eu

 

06:14