Parlamentdə Qərbi azərbaycanlıların 100 illik deportasiyası ilə bağlı konfrans təşkil ediləcək

Parlamentdə “Qərbi azərbaycanlıların 100 illik deportasiyası - Vətən müharibəsindəki Qələbədən sonra Qərbi azərbaycanlıların hüquqları kontekstində” adlı konfransı keçiriləcək.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin iş planına daxil edilib.

İş planına əsasən, insan hüquqları, o cümlədən qadın, uşaq, sosial və sair hüquqlar üzrə ixtisaslaşmış QHT rəhbərləri, Vəkillər Kollegiyası, Mediasiya Şurası İdarə Heyətinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, media subyektlərinin iştirakı ilə Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü il üzrə qanunvericilik planlarının vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə müzakirəsinə həsr olunmuş iclasın keçirilməsi nəzərdə tutulur. İş planına, həmçinin 18 İyun - Milli İnsan Hüquqları Gününə həsr olunmuş ictimai dinləmənin keçirilməsi də daxil edilib.

Milli Məclisdə, eyni zamanda, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin və aparatının, həmçinin Medianın İnkişaf Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələr, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi təşkil ediləcək.

Xudaferin.eu

16:05