Parisdə “Qarabağ sülh dövründə: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda dəyirmi masa keçiriləcək

Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Fransada Azərbaycan Dostları Assosiasiyasının təşkilatçılığı ilə Parisdə “Qarabağ sülh dövründə: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda dəyirmi masa keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və deputat Eldar Quliyev təmsil edəcək. Dəyirmi masada Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Avropa ölkələrinin, o cümlədən Fransanın regionda sülh, sabitlik və əməkdaşlığın təşviq olunmasına verə biləcəyi töhfələr müzakirə ediləcək.

Səfər çərçivəsində Soltan Məmmədov Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun vitse-prezidenti Jerom Lamberlə də görüşəcək. Bundan başqa, Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri senator Alen Uper ilə görüş də nəzərdə tutulur. Hər iki görüşdə parlamentlərarası əlaqələrin inkişafı, Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması ilə bağlı bəzi ideya və təkliflərin müzakirəsi planlaşdırılır.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Fransadakı Azərbaycan diaspor təşkilatlarının, o cümlədən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvləri ilə də görüşəcək. Diaspor nümayəndələri ilə Azərbaycan dövlətinin diaspor siyasəti, Fransada yaşayan azərbaycanlıların ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq.

Milli Məclisin deputatları Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan görkəmli siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzarını da ziyarət edəcəklər.

Səfər çərçivəsində Fransanın bəzi media orqanları ilə görüşlər də planlaşdırılır.

Xudaferin.eu

15:46