Parisdə “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgi açılıb

Parisdə “Sensespace” sosial innovasiyalar mərkəzində gənc fotoqraf Maya Bağırovanın “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisi açılıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların fotoları nümayiş olunub.

Fotoqrafın qaçqın və məcburi köçkünlərin məskunlaşdığı müxtəlif məkanlarda uşaqların həyatını əks etdirən fotoları ziyarətçilərin diqqətini cəlb edib. Ziyarətçilərə azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məlumat vərəqələri paylanıb.

Sərgi suriyalı qaçqın uşaqlara məktəb ləvazimatları almaq üçün keçirilən xeyriyyə tədbiri çərçivəsində təşkil olunub.

Qeyd edək ki, gənc fotoqraf Maya Bağırova 2015-ci ildə Luvr Muzeyinin Karusel salonunda keçirilən SNBA fotosərgisinin “Fotoqrafiya” nominasiyasının 2 qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.

Maya Bağırova Speos Paris Fotoqrafiya Məktəbində təhsil alır.

Xudaferin.eu


 

14:37