“Pambıqçılığın 200 min insan üçün iş yerinə çevrilməsi real görünmür”

 

100 min hektarda 170-180 min nəfər necə işləyə bilər?

“Ölkə prezidenti üçün pambıqçılıqla bağlı məlumatları və hesablamaları kimin, hansı strukurun hazırladığı çox maraqlıdır. Bu faktları dinləyəndə ilk təəssürat bu olur ki, iqtisadiyyatımız qısa müddətdə pambıqçılıq sayəsində böhran üzərində qələbə çalacaq. Məsələn, rəqəmlərdən biri budur ki, pambıq əkinlərinin 100 min hektara çatıdırılması hesabına bu il 200 min yeni iş yeri yaradılacaq”.

Bu fikirlər iqtisadçı Rövşən Ağayevin şərhindəndir: “Heç əkinlərin 200 min hektara çatıdırldığı şəraitdə belə pambıqçılığın 200 min insan üçün iş yerinə çevrilməsi real görünmür. Əvvəla, hazırda pambıq əkinlərinin əsas hissəsi dövlət və bələdiyyə mülkiyyətində olan iriölçülü örüş və biçənək torpaqlarında həyata keçirlir. Yəni, 100 min hektarın əkilməsini ən yaxşı halda 10-15 min nəfər həyata keçirir. Qaldı muzdla işləyənlər -100 min hektarda 170-180 min nəfər necə işləyə bilər? Bu sahə ilə əlaqəsi olanlar bilir ki, hazırda pambıqçılıqda işçi əməyi ən yaxşı halda suvarma və yığım mərhələsində gərək olur”.

Ağayev dedi ki, ötən ilin təcrübəsi göstərdi ki, 1 hektar sahədən yığılan pambığın təxminən üçdə ikisin texnika rahatlıqla yığır, sahələrdə qalan üçdə bir hissə üçün əl əməyi tələb oluna bilər: “Bir sözlə, suvarma və yığımda tələb olunan işçi qüvvəsi xərci 1 hektar üçün ən yaxşı halda 300-400 manat təşkil edə bilər. Tutaq ki, indi rəsmi şəxslərin dediyi kimi, 1 hektar pambıq sahəsində 2 nəfər becərmə ilə məşğul oldu və hər biri orta hesabı ilə maksimum 200 manat zəhmət haqqı qazandı (lap 300 manat qazansın). İşçi əməyi pambıqçılıqda maksimum 2-3 ay fəal şəkildə gərək olur. Lap hesab edək ki, bir nəfər bu müddətdə maksimum 500-600 manat qazandı, bəs ilin qalan ayları necə olsun? Beynəlxalq Əmək Təşkilatının metodologiyasından çıxış etsək, normal iş yeri odur ki, həmin iş yeri işçiyə ilin ən azı 11 ay işləmək və qazanc əldə etmək imkanı təmin edir”.

Ağayev xatırlatdı ki, kənd təsərrüfatı bütün dünyada mövsümi sektordur: “Ona görə, inkişaf etmiş ölkələrdə iqtisadiyyat üzrə məşğulluq və işsizlik göstəriciləri təqdim ediləndə, həmin göstəricilər əsasən qeyri-kənd təsərrüfatı sektoru nəzərə alınmaqla bəyan edilir”.

Şamo
Hurriyyet.org

 

05:48