Pambığa qurban verilən ət

 

Natiq Cəfərli: “Son iki ildə otlaqlarda pambıq, tütün, üzüm əkilir”

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 29,447 milyon ABŞ dolları dəyərində təxminən 20 min tona yaxın ət idxal olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxal olunan 1 kiloqram ətin orta qiyməti 1,48 dollar təşkil edib. 2016-cı ilin müvafiq dövründə isə ölkəyə 10,106 milyon dollar dəyərində 8 132 ton ət idxalı həyata keçirilib. Bu isə həmin müddətdə 1 kiloqram üçün orta qiymətin 1,24 dollar olması deməkdir. Beləliklə, idxal ətin qiymətində illik 19,4 faiz artım müşahidə olunub. Qeyd edək ki, 2017-ci ilin ilk beş ayında ölkəyə cəmi idxalın 1,05 faizini ət təşkil edib.

Dövlət Statistika Komitəsinin açıqladığı makroiqtisadi məlumata əsasən yanvar-mart ayları ərzində respublikada diri çəkidə 115,4 min ton ət, 450,5 min ton süd, 425,8 milyon ədəd yumurta istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 2,2 faiz, yumurta istehsalı 4,6 faiz artıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə iri buynuzlu mal-qaranın baş sayı 12,8 min baş azalaraq 2706,8 min baş, qoyun və keçilərin baş sayı 42,5 min baş azalaraq 8785,5 min baş olub. Bu dövrdə diri çəkidə 115,4 min ton ət, 450,5 min ton süd, 425,8 milyon ədəd yumurta, 22,7 min ton tərəvəz istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 2,2 faiz, yumurta istehsalı 4,6 faiz, tərəvəz istehsalı isə 50,0 faiz artıb. Azərbaycanda iribuynuzlu mal-qaranın sayında azalma baş verib. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2017-ci il aprelin 1-nə olan vəziyyətə görə, ölkənin iqtisadi rayonları üzrə mal-qaranın sayı 2 706 807 baş təşkil edib ki, bu da ötən illə müqayisədə 12772 baş azalma deməkdir. 2016-ci ilin yanvar-aprel aylarında isə bu göstərici 2 719 579 baş təşkil edib.Respublika üzrə mal-qaranın baş sayında azalma müşahidə edilsə də, 2017-ci ilin yanvar-aprel ayında Bakı şəhəri üzrə bu sahədə artım müşahidə edilib. Belə ki, 2017-ci ilin aprel ayının 1-nə olan vəziyyətə görə, paytaxt Bakıda iribuynuzlu heyvanların sayı 8 085 baş təşkil etmişdisə, 2016-ci ildə bu rəqəm 5 875 baş olub.

Qeyd edilən statistik rəqəmlər onu deməyə əsas verir ki, Azərbaycanda adambaşına düşən ət istehlakı azalmağa doğru gedir. Ekspertlər bildirir ki, il ərzində Azərbaycanda adambaşına ət norması 84 kiloqramdır. Azərbaycanda ümumi əti təmiz ətə çevirəndə 300 min ton ət istehsal olunur.Bu da adambaşına 30-31 kiloqram ət istehsalı deməkdir.Ölkəyə adambaşına 3 kiloqrama yaxın ət idxal olunur. Bu isə o deməkdir ki, Azərbaycan daxili istehsal hesabına özünün ətə olan tələbatının 38 faizini ödəyir, üstəlik, 3-4 faiz də idxal edir. Onu da əlavə edək ki, Azərbaycanda adambaşına ət normasının 84 kiloqram olduğu bildirilsə də beynəlxalq siyahıda bu rəqəm 32 kiloqram olaraq göstərilib. İstehsalın azalmasının başqa bir səbəbi örüş sahələrinin olmamasıdır. Ekspertlər bu qənaətdədirlər ki, yaxın 2 ilə rayonlarda heç kim iri və xırda iribuynuzlu mal-qara saxlamayacaq. Çünki indi otlaq sahələrinin təyinatı dəyişdirilir.Regionlardakı otlaq sahələri şərabçılığın, tütünçülüyün, pambıqçılığın inkişafı adı altında fermerdən alınır.Bu isə heyvandarlığın məhvi deməkdir. Hazırda birinci biçim ot pressinin bir bağının qiyməti 4.80 qəpikdir. Qiymətlərə və mövcud şəraitə baxanda fermerlərin heyvandarlıqdan imtina etməsinin səbəbini anlamaq heç də çətin olmaz...

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ölkədə ət istehsalı ilə bağlı normal statsitik rəqəmlər yoxdur: “Çünki qeydiyyata düşməyən kifayət qədər kiçik sahibkarlar və fermerlər var ki, onların kəsib bazara çıxardığı iri və xırdabuynuzlu mal-qara statistik göstəricilərdə əks olunmur. Bu gün nəzarətdənkənar, rəsmi rəqəmlərə düşməyən kifayət qədər böyük həcmdə ət məhsullarının bazara çıxması, Azərbaycanda ət istehsalının həcmi haqqında doğru təsəvvürə imkan vermir. İdxalın artmasının bir neçə səbəbi var. Birinci, ölkə daxilində qiymətlərin artımı iş adamları tərəfindən bu sahəyə marağı artırdı. Digər tərəfdən, dövlətin özünün ət alma potensialı var. İstər ordunun təchizatı olsun, istər uşaq evləri, istərsə də dövlətin balansında olan digər sahələr olsun, ətə olan tələbatı ödəmək üçün çox zaman xaricdən gətirilən ətlərdən istifadə olunur. Çünki xaricdən gətirilən ət daha çox ucuzdur.Yerli ət bahalaşdığı üçün ölkədə daha çox xaricdən gətirilən ətlərin həcminin artması müşahidə olunur.Dövlət əhəmiyyətli obyektlərin ətə olan tələbatı xaricdən gətirilən ətlərin hesabına təmin olunur.Yəni, yerli ət bahalaşdığı üçün xaricdən gətirilən ətlərə üstünlük verilir.Düşünmürəm ki, xaricdən gətirilən ətin böyük bir hissəsi birbaşa bazara çıxır.Bazarlara çıxan ətin əsasını yerli istehsal tutur.Xaricdən gətirilən ətlərin istifadə istiqamətləri əsasən dövlətin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.Çünki nə bazarlarda, nə də marketlərdə xaricdən gətirilmiş mal və qoyun ətlərini görmək mümkün deyil”.

 

“Otlaq sahələrinin azaldılması düzgün deyil”

 

Ekspert onu da qeyd edib ki, Azərbaycanda ətin qiymətlərində dəyişiklik olan zaman bu məsələ gündəmə gəlir: “Son zamanlar ətin qiymətində müəyyən artım müşahidə olundu. Fermerlərin bir çoxu bunun səbəbini yemin bahalaşması ilə izah etdilər.Yemin bahalaşmasına təsir edən ilk amil isə yonca sahələrinin yerində kənd təsərrüfatında texniki bitkilərə əsasən də pambıq üçün ayrılmasının səbəb olduğu deyildi.Son iki ildə otlaqlarda texniki bitkilərin əkilməsinə üstünlük verilir.Əsasən pambığın, tütünün, üzümçülüyün ərazisinin genişləndirilir.100 illər boyu istifadə olunan otlaq sahələrinin texniki bitkilərə ayrılması əlavə problem yaratdı. Hələ ki, pambıqdan gəlir götürə bilmirik.Pambıq sahələrinin artımı yem tədarükünü azaltdı.Bu isə həm qiymətlərə, həm də mal-qaranın sayının azalmasına təsir göstərdi.Otlaq sahələrinin azaldılması isə doğru yanaşmanın olmadığını sübut edir.Çünki illərlə maldarlıqla məşğul olan rayonlarda yuxarıdan verilmiş qərarlarla pambığın əkilməsi effekt vermir.Son illərdə bunun əks-effektini müşahidə etməkdəyik.Ümumiyyətlə, son bir ildə ətin qiymətində 20 faizə yaxın bahalaşma qeydə alındı.Əgər otlaq sahələrinin və yem bazasının azalması halı davam edərsə, mal-qaranın azalmasına səbəb olacaq.Bu da qiymətlərin artımına təkan verəcək amilə çevriləcək”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

16:30