Pakistan qəzetində Prezident İlham Əliyevin Silahlı Qüvvələr haqqında fikirlərinə dair məqalə dərc olunub

Pakistanın nüfuzlu ingilisdilli “National Herald Tribune” qəzetində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə səsləndirdiyi fikirlər əsasında məqalə dərc olunub.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, məqalədə dövlətimizin başçısının Azərbaycan Silahlı Qüvvələrinin say tərkibi artırılacağı ilə bağlı söylədiyi fikirlərə toxunulub. Qəzet Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanına istinadla yazır: “Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik”.

Dövlətimizin başçısının Ermənistanın inkişafı üçün yeganə yolun öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək olması barədə fikri də məqalədə əksini tapıb. Bundan başqa, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həll olunduğu, Ermənistanın Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalı olması, Azərbaycanın bundan sonra da istənilən hərbi vəzifəni icra edə biləcəyi və dəmir yumruğun yerində qalması barədə fikirlərinə də geniş yer verilib.

Xudaferin.eu

15:52