Özbəkistanda “Azərbaycan, Qarabağ, sülh üçün oxu” musiqi layihəsinə start verilib

 

Özbəkistandakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Azərbaycan, Qarabağ, sülh üçün oxu” layihəsinə start verilib.

Layihəyə Azərbaycanın Özbəkistandakı səfirliyi təşkilati dəstək göstərəcək. Məqsəd Özbəkistanda Azərbaycanın musiqi beşiyi olan Qarabağı və Şuşanı tanıtmaq, bu diyarda azərbaycanlıların yaratdığı zəngin mədəniyyəti, musiqini, tarixi abidələri təbliğ etmək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğala məruz qalmış və öz yurd-yuvalarını tərk etmiş soydaşlarımızın iztirablarını layihə iştirakçılarına çatdırmaq və xalqımızın sülhsevərliyini bir daha təbliğ etməkdir.
AMM-nin direktoru Samir Abbasov bildirib ki, bu sırf mədəniyyət layihəsidir, burada peşəkar müğənnilərlə yanaşı, həvəskar musiqiçilər də iştirak edəcəklər. Layihədə özbək gəncləri 4 Azərbaycan musiqisini – “Bayatı- Şiraz” muğamı, “Anadır arzulara Qarabağ”, “Laçın” və “Sizə salam gətirmişəm” adlı mahnılarımızı Azərbaycan və özbək dillərində ifa edəcəklər. Hazırlanacaq xüsusi videomaterialda Daşkəndlə yanaşı, Səmərqənd, Buxara, Xivə, Kokand, Nəvai, Fərqanə və s. şəhərləri təmsil edən gənclər də bu musiqi nömrələrini hissə-hissə ifa edəcəklər.

Müsabiqədə qalib gələn gənclərin AMM-də geniş qala-konserti keçiriləcək. Qaliblərə müsabiqənin şərtlərinə əsasən Fəxri fərman və pul mükafatları təqdim olunacaq.

Gənclər Azərbaycan və özbək musiqiləri ilə ölkəmizə dostluq mesajı verəcək, müharibələrə son, sülhə çağırış edəcəklər. Nəticələrin nümayiş etdirilməsi üçün televiziya kanallarına göndəriləcək, “youtube.com” səhifəsində yerləşdiriləcək və disklər hazırlanacaq.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

20:04