Özbəkistan məhkəməsi ermənilərin iddialarını əsassız saydı

 

Ünlü tarixçi Şuxrat Salamov haqqında ermənilərin qaldırdığı iddiaları təmin olunmadı

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, daşnakların Türküstanda törətdiyi qətliamlar barədə kitablar yazan özbək tarixçisi Şöhrət Barlas haqqında ermənilərin irəli sürdüyü ittihamlara Daşkənd şəhərinin Çilanzar Rayon Məhkəməsində baxılıb və onun haqqında qaldırılan iddialar əsassız sayılıb.

Məhkəmə tarixçinin fəaliyyətində cinayət tərkibinin olmaması barədə qərar qəbul edib, onun elmi araşdırmalarının davam etdirilməsi üçün heç bir maneənin olmadığını bildirib.

Qeyd edək ki, Şöhrət Barlas müəllifi olduğu “Qarabağ: ideyalar savaşı” və “Türküstan və Güney Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitablarına görə ermənilərin ittihamları ilə üzləşmiş, ona qarşı çirkin kampaniya başlamışdı.

Ermənilər onu saxtakarlıqda, millətçilik, pantürkizm və fırıldaqçılıqda ittiham edir, haqqında əsassız böhtanlar yayır, ekstremist qruplarla əlaqədə günahlandırır, şərəf və ləyaqətini təhqir edirlər.

“Qarabağ: ideyalar müharibəsi” kitabında yazıçı erməni daşnaklarının himayədarlarının köməyilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktları göstərir. İkinci kitabda isə daşnaklar tərəfindən özbəklərə qarşı törədilən qətliamlardan bəhs olunur.
Şöhrət Barlasın hüquqlarının müdafiəsi məsələsinə gəldikdə isə, 18 nəfərlik özbək və Azərbaycanlılardan ibarət vəkillər qrupu olduqca fəal mövqe sərgiləmişlər. Bununla yanaşı, Özbəkistan ictimaiyyəti də “erməni məsələsi”nə görə Şöhrət Barlasa gərəkən dəstəyi vermişlər.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu” 

 

09:14