Özbəkistan mediasında ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına dair məqalələr dərc olunub

Özbəkistanın “azon.uz” və “qalampir.uz” portalları ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına dair məqalələr yayıblar.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, “azon.uz” portalında dərc edilən məqalədə bəyanatdan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının baş tutduğu, dövlətimizin başçısının Co Baydenin “erməni soyqırımı” ilə bağlı qərarının yanlış və onu tarixi səhv olduğunu bildirdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, telefon söhbəti zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

“qalampir.uz” portalında dərc olunan yazıda isə Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatı şərh edilib. Bildirilib ki, ABŞ Prezidenti Co Baydenin ermənilərin qondarma “soyqırımı” ilə əlaqədar səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

Məqalədə deyilir: “Qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirənlər həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi hallarına, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir”.

Həmçinin vurğulanır ki, 1915-ci il hadisələri siyasətçilər tərəfindən yox, tarixçilər tərəfindən araşdırılmalıdır.

Məqalələr Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc olunub.

 

Qulu Kəngərli

Xudaferin.eu

13:30