Özbək portalında Azərbaycanda Novruz bayramına həsr olunmuş material yerləşdirilib

 

Özbəkistandakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki tnews.uz portalı rus dilində “Azərbaycanda Novruz bayramı təntənəli şəkildə qeyd olunur, ölkəyə çoxlu turist gəlir” sərlövhəli material verib.

Materialda Azərbaycandakı Novruz ənənələri haqqında ətraflı məlumat verilir, bildirilir ki, bu bayram, sülh, əmin-amanlıq bayramıdır və bu günlərdə küsülülər barışır. Vurğulanır ki, hər il İçərişəhərdə keçirilən böyük Novruz şənliyində teatrlaşdırılmış tamaşalar göstərilir, bu bayramın sevimli personajları olan Bahar qızı, Kosa, Keçəl insanları əyləndirir, onlara sevinc bəxş edirlər.

Məqalədə Novruz bayramına qədərki çərşənbələrdən söhbət açılır, onların mənaları haqqında danışılır. Qeyd olunur ki, bayram günlərində Azərbaycana çoxlu turist səfər edir. Bu günlər isə ən çox turist Müstəqil Dövlətlər Birliyi ölkələri, Birləşmiş Ərəb Əmirlikləri və İrandan gəlir. Ötən il İrandan Azərbaycana 100 min turist gəlib ki, bunun da 55 mini Novruz günlərinə təsadüf edib. Materialda vurğulanır ki, 2017-ci ildə Azərbaycanda 9 gün qeyri- iş günü olacaq.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

 

08:17