öyük güclərin Menbiç SAVAŞI

 

Suriyanın Menbic şəhərində Əsəd qoşunlarının nəzarətinə keçməsi barədə açıqlamasının ardınca YPG-dən bunu təkzib edən bəyanat gəlib.Rusiya mediasının verdiyi məlumata görə, özünü Menbiç Hərbi Şurası adlandıran kürd silahlı qruplaşması şəhərin onların mühafizəsi altında olduğunu bildirən bəyanatla çıxış edib.Şurada üstünlük təşkil edən qüvvələr PKK -ya bağlı YPG gücləridir. Şura şəhərin və ətrafdakı bəzi bölgələrin qurumun nəzarətində olduğunu bildirib: “Menbiçin ətraf bölgələri bizim müdafiəmiz və beynəlxalq koalisiyanın nəzarəti altında olduğunu bir daha təsdiqləyirik”.

Türkiyə dəfələrlə Menbiçin terror təşkilatı olan PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı olan YPG tərəfindən boşaldılmasını tələb etmişdi.Əks təqdirdə, şəhərə hərbi müdaxilə təşkil ediləcəyini açıqlamışdı.Bölgədəki son durumu əks etdirən xəritədə də Menbiç şəhərinin PYD/YPG terrorçularının nəzarətində olduğu əks olunub.Həmin məlumatdan Menbiç bölgəsinin yalnız şimal-qərb hissəsinin Əsəd rejiminə və Rusiya silahlı qüvvələrinə təslim edildiyi bildirilir. Yəni, şimalda Türkiyə silahlı qüvvələrinin Menbiç bölgəsinə qədər nəzarətində olan ərazilərə, Əl-Ərimah rayonunun cənubundan keçən Menbiç-Əl-Bab yoluna və onun cənub hissəsinə, şimal-şərqdə isə Fərat çayının sol qolunu təşkil edən Qarasu çayına qədər Əsəd rejiminə təslim edildiyini görmək olar. 

Ancaq bununla bağlı xəbərlər ziddiyyətli olduğundan tam təsdiqini tapmayıb.Şimalda Qarasu çayından Fərat çayının sol sahilinə qədər yenə də PYD və ABŞ hərbçiləri mövqe tutub.Menbiç şəhəri və ətraf bölgələr isə əvvəlki kimi yenə də kürd yaraqlılarının əlindədir.

Menbiçin Rusiyanın nəzarətinə keçməsi barədə xəbərdən sonra Türkiyə bu bölgəni PYD-dən azad etmək üçün hazırladığı hərbi əməliyyatı təxirə salmalı olub.Lakin cənubdan PYD/YPG təhlükəsi aradan qalxmayana qədər rəsmi Ankaranın Menbiç məsələsində axıra qədər güzəştə gedəcəyi inandırıcı görünmür.Türkiyə əməliyyatı dayandırmağa razı olsa da Rusiyadan müəyyən zəmanətlər istəyir.Söhbət ilk növbədə, PYD/YPG-nin Türkiyədə terror aktlarını dayandırmasından gedir.Eyni zamanda, Tükiyə Menbiçdən qaçqın düşmüş yerli ərəblərin öz yurdlarına qaytarılmasını istəyir.Əgər PYD Türkiyəyə qarşı silahlı mübarizəni dayandırmasa, o halda Ankara “Fərat qalxanı” əməliyyatını davam etdirə bilər.Ancaq hadisələrin belə inkişafı Türkiyəni Menbiçdə Rusiyanın və ABŞ-ın müqaviməti ilə qarşılaşdıra bilər.Ona görə də Türkiyə rəhbərliyi hazırda gözləmə mövqeyinə çəkilərək Rusiya və ABŞ-la müzakirələrin nəticəsinə uyğun addım atmaq niyyətində görünür. Siyasi ekspertlərin fikrincə, PYD -nin regiondakı əsas tərəfdaşı olan ABŞ bölgənin Rusiyaya və Əsəd rejiminə təslim edilməsinə razı olmayacaq. “Reuters”in verdiyi məlumata görə hazırda Menbiçin qərb bölgəsi rusların nəzarətində deyil. Həmin ərazilərdə ABŞ-a məxsus zirehli texnikanın və tankların göründüyü xəbər verilir. Əgər Rusiyanın Menbiçə daxil olmadığı barədə məlumatlar təsdiqini taparsa, o zaman Türkiyənin hərbi əməliyyatlara başlamaq ehtimalı daha yaxındır.

Politoloq Elşən Manafovun fikrincə, Türkiyənin xarici siyasətində kəskin dönüş yaratması Rusiya və İranla münasibətlərini pozulmasına səbəb ola bilər. ABŞ isə Türkiyənin Rusiyadan uzaqlaşmasında maraqlıdır: “PKK və PYD amilinə münasibətdə Rusiyanın mövqeyi ABŞ-dan bir o qədər də fərqlənmir. Amma Rusiya gözəl anlayır ki, Suriya problemini Türkiyə kimi regional dövlətlə razılaşdırmadan həll etmək mümkün olmayacaq.Əslində Bəşər Əsəd rejiminin qalıb-qalmaması da Türkiyənin bu məsələ ilə bağlı mövqeyindən asılı olacaq.Yəqin elə buna görədir ki, Türkiyə artıq Rusiya və İranla əvvəllər əldə edilmiş razılaşmalara etibar etmir.Son vaxtlar Türkiyə Suriyada vəziyyətin Əsəd rejiminin xeyrinə dəyişməməsi üçün sünni ərəb dövlətlərinin iştirakı ilə müəyyən bir koalisiyanın yaradılmasına çalışır.Bu alyansın qurulması əslində, ABŞ-ın maraqlarına cavab verir.Birləşmiş Ştatlar isə Suriyanın parçalanmasına və bu bölgədə Kürdüstan dövlətinin yaradılmasına çalışır.Bu isə Türkiyənin maraqlarına cavab verir.Ona görə də Türkiyə Suriyanın ərazi bütövlüyünün təmin edilməsində maraqlı olmalıdır.Yaxın və Orta Şərqdə yeni dövlətlərin yaradılması Türkiyənin ərazi bütövlüyü və suverenliyi üçün ciddi təhlükə yaradır.ABŞ-ın bu planı perspektivdə Türkiyə Kürdüstanının yaradılması təhlükəsini vəd edir.Ona görə də hesab edirəm ki, Türkiyə iqtidarı seçim qarşısında qalacaq.Ya Ankara Rusiya ilə münasibətlərdə ciddi kardinal dəyişiklik etmək məcburiyyətində qalacaq, ya da Rusiya və İranla əməkdaşlığı davam etdirəcək ki, bu da ABŞ-la gərginliyin artmasına səbəb olacaq”.

Elşən Manafovun fikrincə, Menbiç bölgəsini nəzarətə götürmək Türkiyə üçün strateji əhəmiyyət daşısa da Ankara nə Rusiya, nə də ABŞ-la qarşıdurmaya getməkdə maraqlı deyil.Ekspert onu da bildirdi ki, Ərdoğan iqtidarı Suriyanın gələcəyi ilə bağlı Kremllə artıq müəyyən razılıqlar əldə edib. Suriya türkmənlərinin mövqeyinin Rusiya tərəfinfən nəzərə alınması da bunu bir daha təsdiq edir: “Rusiyanın bu məsələdə Türkiyənin maraqlarına qarşı çıxmayacağına dair şifahi də olsa, anlaşmanın olduğunu düşünürəm. Amma İranın bölgədə, xüsusilə də Suriyada və ərəb ölkələri üzərində təsirinin artması Türkiyəni öz mövqeyinə yenidən baxmağa sövq edə bilər. Tramp administrasiyasının İranla bağlı mövqeyi Türkiyəni İrana münasibətdə ehtiyatlı siyasət yürütməyə sövq edəcək. Amerika-İran münasibətlərinin gərginləşəcəyi təqdirdə, Türkiyə heç bir vəchlə Tehranın yanında ola bilməyəcək. Bununla yanaşı, hesab edirəm ki, Ərdoğan iqtidarı ötən il iyulun 15-də ABŞ tərəfindən dövlət çevrilişinə cəhdin təşkil edilməsini unutmayıb. Ona görə də hələ tərəflər arasında manevr imkanlarını saxlamağa çalışacaq”.

Müşfiq Abdulla

Cebhe.info

 

09:37