Oxucular kitab rəflərindən yararlanırlar

Gəncədə kitab oxumaq istəyən, lakin müxtəlif səbəblərdən onu əldə edə bilməyən insanlara kömək məqsədi ilə “Oxuyan gənclik – sərbəst kitabxana” adlı layihə icra edilib. Prezident yanında Gənclər Fondunun maliyyə, Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Kitab Klubunun təşkilati dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində şəhərin müxtəlif yerlərində kitab rəfləri quraşdırılıb. Artıq  üzərinə “kitab qoy-kitab götür” sözləri yazılmış 10 ədəd kitab rəfləri kitabsevərlərin xidmətindədir. Tez-tez rəflərin ətrafını oxucularla dolu olduğunu görmək olur. Kitab rəflərindən hər bir şəhər sakini günün istənilən saatında istifadə edə bilir. Kitab oxumağı sevənlər rəflərdən bəyəndikləri kitabı seçərək, açıq havada oxu zalları vəzifəsini yerinə yetirən istirahət yerlərində kitabları vərəqləyirlər. Rəflərin üstünə yazılan “kitab qoy-kitab götür” prinsipi ilə kitabları evdə oxumaq üçün də götürmək mümkündür. İstənilən şəxs kitab rəfinə istənilən kitabı bağışlaya bilər. Bu da hansısa bir əsəri oxumaq istəyən, lakin müxtəlif səbəblərdən onu əldə edə bilməyənlərə komək edir, kitabsevərlərin oxuduqları kitabları başqaları ilə paylaşa bilmələri üçün imkan yaradır. Layihənin rəhbəri Nurəddin Rəhimli, içraçısı isə qardaşı Fərrux Rəhimlidir.

Hicran Məmmədova
Gəncə

14:15