Oslonun mərkəzi hissəsi terrorçulardan nəhəng gül dibçəkləri ilə qorunacaq

 

İnsanları mümkün terror hücumlarından qorumaq üçün Norveçin paytaxtı Oslo şəhərinin Karl Johans küçəsində 20 ədəd nəhəng gül dibçəyi qoyulub. Yaxın zamanlarda süni sədlərin quraşdırılması işləri davam edəcək.

Hər birinin çəkisi 800 kiloqram olan və 3 ədədlik qruplar şəklində qoyulan dibçəklər nəqliyyat vasitəsi ilə həyata keçirilən terror risklərini azaldacaq. Buna bənzər sədlər əvvəllər nəqliyyat vasitələri ilə terror aktlarının törədildiyi Stokholm, Nitsa, London və Nyu-York küçələrində də quraşdırılıb. Norveç paytaxtının mərkəzində yerləşən Karl Johans Oslonun ən uzun və izdihamlı küçələrindən biridir. Mərkəzi vağzalın qarşısından başlayan küçə parlament və milli teatr binalarının önündən keçir və kral sarayınadək uzanır. Bu küçədə çoxsaylı mağaza və kafelər yerləşir. İndiyədək küçə asan keçilən olub – yalnız 2011-ci ildə Anders Breyvik tərəfindən törədilən terror aktından sonra burada bəzi əlavə təhlükəsizlik tədbirləri görülüb.

Xudaferin.eu

"Avropa Bürosu"

 

10:07