Örüş yerlərinin şümlanması yüzlərlə fermeri ayağa qaldırdı

 

“İcra hakimiyyəti qanuni istifadəmizdə olan min hektarlarla sahəyə traktor salıb şumlayır.

“Səhər açılandan min hektarlarla sahəyə traktor, kotan salıb şumlayırlar. Halbuki, illərdir, bu ərazilər bizə örüş əraziləri kimi verilib. Hər sənədimizlə-sübutumuzla burada kəndin minlərlə iri və xırdabuynuzlu mal-qarasını otarırıq”.

Bunu AzadlıqRadiosu-na İmişli rayonunun Sarxanlı kəndinin fermerliklə məşğul olan sakinləri deyir. Uzun illərdir ki, bununla dolanan Elxan Tarverdiyevin sözlərinə görə, yerli icra hakimiyyəti örüş sahələrini pambıq əkinindən ötrü fermer və çobanların əlindən alır.

3 AY ÖNCƏ XƏBƏRDARLIQ OLUNMUŞDU

Martın 6-da səhər saatlarından örüş sahəsinə gətirilən traktorlar torpağı təmizləməklə məşğuldur. Heyvanlar örüşə buraxılmır: “Prezidentin göstərişini əllərində bayraq edib örüş sahələrimizi əlimizdən alırlar. Axı, biz yaxşı bilirik prezident nə deyib. O deyib ki, pambıq əkini üçün əlverişli və istifadəsiz torpaqları alın. Deməyib ki, yüzlərlə fermer – kəndlinin istifadəsində olan torpaqları tut əlindən al…”

Hələ 3 ay əvvəl rayonun icra hakimiyyətinin başçısı sahibkarları toplayaraq pambıq əkinindən ötrü istifadələrində olan torpaqların boşaldılacağı xəbərdarlığını edib. Sahibkarlarsa razılaşmayıblar. Məsələn, Elxan Tarverdiyev deyir, sahibkarlıq fəaliyyətini tam qanuni icra edir, İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Yardım Fondundan kredit götürüb. İstifadəsində olan örüş sahəsinə daşdan keçən sənədi – Dövlət Aktı da var. Ancaq icra hakimiyyətinin başçısı daş atıb başını tutur ki, burda pambıq əkiləcək, vəssalam…

“200 MANAT CƏRİMƏLƏDİLƏR”

 

Sahibkarlar qurduqları fermer fəaliyyətinin qəsdən çökdürüldüyünü, nəticədə borclanacağını, götürdüyü kreditləri qaytara bilməyəcəyini deyir. Sahibkar Əlizamin Hüseynov: “Burda hər ailənin 50-60-70 hektar yeri var. 300-500-800-1000 heyvanı olan fermerlər var. Heyvanları örüşə buraxmırlar. Bu dəqiqə bir çəkiliş gəlsin, görsün, icra hakimiyyəti burda nə oyun çıxarır. Tökülüşüblər əraziyə, fermerləri, çobanları qovurlar, ərazidəki yoğunları torpaqdan kotanla, traktorla çıxardırlar. Başqa vaxt deyirlər, yoğun qırmızı kitaba düşüb, əl vurmaq olmaz. Kənddə bir nəfər torpaqdan iki dənə yoğun çıxartmışdı, bədbəxti 200 manat cərimələdilər. İndi özləri minlərlə yoğunu kökündən çıxardıb atırlar kənara… 3 ay əvvəl dedi, başqa yerdə sahə ayrılacaq, kompensasiya veriləcək. İndisə qəfil örüş sahələrimizə texnikalarda “hücuma” keçiblər. Gəliblər ki, mal-heyvanı yığışdırın, torpaqları boşaldın, pambıq əkirik. Belə biabırçılıq olar? Deməli, başçının bu torpaqdan xoşu gəlib deyə, yüzlərlə sahibkar borclanıb, quyunun dibinə düşüb sonra da gedib özünü asmalıdır. Səsimizin prezidentə çatmasını, bu özbaşınalığa son qoyulmasını tələb edirik”.

 

AZI, 18 MİN HEYVAN

 

Fermerlər və çobanlar nə edəcəklərini bilmirlər. Demələrinə görə, 3 min hektarlıq ərazidə kəndin azı 18 min iri və xırdabuynuzlu heyvanı otarılır. Onların deməsinə görə, proses hələ ki, Sarxanlıda başlayıb, ancaq yaxın vaxtlarda qonşuluqdakı Əlipənahlı və Əliqulular kəndinin örüş sahələri də eyni məqsədlə boşaldılacaq. Əlipənahlıda 4 min 500, Əliqulularda 3 min hektar ərazisi olan örüşlərdə minlərlə iri və xırdabuynuzlu heyvan otarılır. İmişli rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, ərazinin boşaldılması üçün sahibkarlara bir müddət əvvəl xəbərdarlıq olunub. Onlara kəndin başqa ərazisində otlaq sahəsi təklif olunub. Razılaşıb razılaşmamaq isə sahibkarların üzərinə düşür. “Sahibkarlar iddia edirlər ki, əllərində Dövlət Aktları var. Bu aktların ləğvi üçün məhkəməyə müraciət olunubmu” sualına “ona yalnız başçı cavab verər, o da ərazidədir”, – cavabı verilib.

Azadliq.info

 

12:16