Orta Asiyalı terrorçular və Stockholmdakı terror aktı

  

 

Cümə günü 2017-ci il aprelin 7-də Stockholmun mərkəz küçəsi. Drottninggatan (tərcüməsi Kraliça küçəsi) da yerləşən Ahlens supermarketinə yük maşınını çırpan və nəticədə 15-dən çox yaralı və 11 yaşlı uşaq olmaqla 4 nəfərin həyatına son qoyan terror əməlini törədən cani 39 yaşlı Özbəkistan vətəndaşı Raxmat Akilov elə həmin gecə şübhəli şəxs qismində bilinərək tutulmuşdur. Hal hazırda cani istintaq altındadır və onun haqqlarını vəkil Johan Eriksson qoruyur.

Terrorçuların son zamanlar Özbəkistandan və Orta Asiyadan gəlmə səbəbləri...

Türkiyənin İstanbul, Rusiyanın Sankt Peterburg və İsveçin Stokholm şəhərlərindəki terror aktlarının ən azından bir ortaq nöqtəsi var. Hər üç hadisədə cinayətkarın gəldiyi yer Özbəkistandır. Burada haqlı olaraq sual yaranır... Nə üçün?

İsveçin nüfuzlu “Aftobladet” qəzetinin köşə yazarı Uolfgang Hansson bu suala özünün köşə yazısında ətraflı cavab verməyə çalışır. Məqalədən bəzi hissələri və öz mülahizələrimizi Azərbaycan oxucusuna təqdim etməyi düşündük.

Hansson daha sonra yazır:

"Suriyada və İraqda özünü “İslam Dövləti” kimi elan edən və şəriət qanunları ilə idarə olunmağı qarşısına məqsəd qoyan quruma həm Qərbi Avropadan, həm də keçmiş SSSRi-dən qopan və 1991-ci ildən müstəqilliyinə qovuşan Özbəkistan, Qırğızıstan və Tacikistan kimi ölkələrdən minlərlə könüllü qoşulmağa başladı. Bu Orta Asiya ölkələrində yaşayan radikal dinçilər öz ölklərində şəriət qanunları ilə idarə olunan rejim yaratmaq arzusundadırlar."
Bunun da əsas səbəblərindən biri müstəqillikdən sonra hakimiyyətdə olan mövcud rejimlərin insanları basqı və təhdid halında saxlamalarına qarşı bir etirazdır. Çünki,

SSRİ dağıldıqdan və keçmiş sovet respublikaları müstəqillik qazandıqdan sonra, bu ölkələrdə yoxsulluq və işsizlik katastrofik dərəcədə artdı. İnsanlar, daha çox da gənclər ölkələrini tərk edərək, iş dalıyca xaricə, əsasən də Rusiyaya üz tutdular. Rus dili keçmiş SSRİ-nin ortaq dili olduğundan burada daha tez iş tapmaq mümkün idi. Amma əsasən restoran və ağır inşaat işində çalışan özbəklər, taciklər və qırğızlar çox cüzi əmək haqqına qane olmaq məcburiyyətində qaldırlar. Çünki öz ölkələrində aclıq, korrupsiya və səfalət hökm sürməkdədir. Bütün bunlarla yanaşı, demokratik təsisatların heç biri yox dərəcəsindədir. Elə götürək keçən həftə Rusiyanın ən böyük şəhəri Sankt Peterburq metrosunda terror aktı törədən 22 yaşlı qırğız vətəndaşı olan özbəyi. Qırğızıstanda çox böyük sayda özbək yaşayır. Rusiya mediasının yazdığına görə bu terrorist 2014-cü ildə Suriyaya İŞİD tərəfdən savaşmağa gedibmiş...

 

39 nəfəri bir gecədə atəş açıb öldürdü...
 

Türkiyənin ən nəhəng meqalopoisi olan İstanbulda yeni il axşamı törədilən silahlı terrorun da iştirakçısı 34 yaşlı özbək idi. Bir gecə klubunda bir neçə dəqiqənin içində 39 nəfərin həyatına son qoyan bu terrorist Əfqanıstanda professional təlim alıbmış. Əvvəl terroru Taksim meydanında həyata keçirməliymiş. Lakin orada güvənliyin daha çox sıx olduğundan qurbanlıq məkanı “Reina” adlı bir gecə klubuna dəyişib. Türk istihbaratının rəsmi məlumatına görə bu adam təxminən bir il öncə ölkəyə Suriya tərəfindən illegal şəkildə giribmiş.

2016-cı ilin iyun ayında İstanbulun “Atatürk Hava Limanı”nda terror törədən canilərdən  biri özbək, digəri qırğız olan Orta Asiyadan və Rusiyanın Çeçenistan bölgəsindən olanlar idilər. Terrorizmin məhz Orta Asiyada bəlli bir tarixi vardır. Belə ki, Sovet İttifaqı Əfqanıstandan quyruğunu qapı arasında qoyaraq geri çəkildikdən sonra oralar xaos meydanına çevrildi. Sovet dövründə müsəlman xalqlaarı öz dini azadlıqlarını təmin edə bilməmişdilər. Sovetlər ateizmi təbliğ edirdilər. Müstəqillik həm də bu ölkələrin ifrat radikal müsəlman Əfqanıstanı ilə sıx əlaqələrin açılmasına şərait yaratdı. Belə ki, Əfqanıstan 1996-cı ildə Əl-Qaidə lideri Usama Bin Ladenə qucaq acib və ona rəsmi sığınacaq verdi. Özbəkistan, Qırğızıstan və Tacikistandan olan könüllülər Əl-Qaidənin döyüş düşərgələrində təlim keçməyə başladılar. Daha sonra belə könüllüləri əsasən konflikt olan qaynar zonalara, məsələn Rusiyanda Çeçenistana, Pakistana, Suriyaya göndərirdilər. Orta Asiyanın ən aktiv və radikal terror təşkilatı sayılan və qısaca adı “İMU” kimi bilinən “Islamic Movement of Uzbekistan” təşkilatıdır. Tacikistanda da fəaliyyəti olan bu təşkilat əvvəllər Əl-Qaidəyə bağlı idi. Amma daha sonralar İŞİD-la əlaqələrini genişlətdi. Bunların əsas məqsədi həfəf olaraq bütün Orta Asiyanı şəriət qanunları ilə idarə olunan İslam Dövlətinə çevirməkdir.

 

Bəs bu 39 yaşlı Raxmat Akilov kimdir və İsveçə necə gəlib?

Dünən İsveç Daxili İşlər Nazirliyi və təhlükəsizlik polisi SÄPO-nun birgə keçirdiyi mətbuat konfransında bir çox suallara açıqlama gətirildi. Gəlin bu 39 yaşlı canini tanıyaq: Raxmat Akilov 2014-cü ildə İsveçə mühacir olaraq gəlib. Dekabr 2016-cı ildə İsveç Migrasiya idarəsindən ona rədd cavabı gəlib. 2017-ci ilin fevralın 25-i İsveçi tərk etmə qərarı polisə verilib. Lakin o vaxtdan qeydiyyatda olduğu ünvanda yaşamadığına görə onu tapmaq mümkün olmayıb. Hər şeydən və hamıdan gizli şəkildə yaşayıb. Hətta hansısa bir tikinti firmasında qeyri leqal işləyib. Bu məsələyə yenidən qayıdacağıq. Bu canı özünün facebook səhifəsində açıqaydın İŞİD tərəfdarı olduğunu bəyan edib. Beləki Akilov İŞİD terror aktlarını bəyənir və onlara şərh yazmaqdan belə çəkinmir. Tutulanda deyib ki: "Siz bizim ölkəmizi(Suriyanı?) bombardman edirsiniz. Biz də ona görə sizin ölkələrdə terror edirik"... Onu da qeyd etməyi vacib bilirik ki, bu terroristin Özbəkistanda ailəsi və 4 övladı var.

İsveçdə qeyri leqal yaşayıb işləmək...

 

İsveçdə işçinin əmək haqqı çox bahalıdır. Sahibkar bir işçiyə əmək haqqı qədər də vergi ödəməlidir. Məhz elə bu səbəbdən ucuz işçi qüvvəsi hər zaman burada aktual olub. Əsasən tikinti firmaları və ictimai iaşə obyektləri, yəni restoranlar, kafelər və eləcə də təmizlik, daşıma şirkətləri üçün ucuz işçi qüvvəsi hər zaman cazibədar olub. Ona görə də çox zaman qeyri leqal yaşamaq burada çox da çətin olmayıb. Dünənki mətbuat konfransında o da qeyd olundu ki, hal hazırda ölkədə 12-15 min nəfər arası qeyri leqal insanlar yaşayır ki, onların da əksəriyyəti Orta Asiyadan gələn köçkünlərdir. Artıq bu həftədən bütün şirkətlərdə, əsasən də tikinti və restoran sektorunda sıx yoxlamalar başlayıb. İsveç polisi vətəndaşlara SOS siqnalı verib. Bu ilin sonuna qədər 50 min insanın deportasiyası nəzərdə tutulub.

Rahim Sadıqbəyli

İsveç, Stokholmdan xüsusi olaraq “Xudaferin.eu” üçün 

 

06:24