ONLARI YAD ETMƏK BİZİM ŞƏRƏF BORCUDUR

Bu gün Azərbaycan xalqının savadlanmasında müstəsna xidmətləri olan, Azərbaycan milli istiqlal mücadiləsinin ən parlaq nümayəndəsi, körkəmli pedeqoq, yazçı, ədəbiyyatşünas alim Firudin bəy Köçərlinin doğum (1863-1920) günüdür.

Firudin bəy 1863-cü il 26 yanvar tarixində Şuşa şəhərində zadəgan ailəsində anadan olmuşdu.

Firudin bəy Köçərli böyük fədakarlıqla Qori Seminariyasının Qazağa köçürməklə Azərbaycanın ilk universiteti sayılan Qazax Müəlimlər Seminariyasının yaradılmasına nail olmuşdur.

Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra ilk Daxili İşlər naziri təyin edilən Həmid Sultanov, xalqımızın işğalçı kommunistlərə qarşı Gəncə üsyanına rəhmətlik etmiş və bu ümumxalq azadlıq üsyanını qadın, uşaq, qoca demədən, xüsusi amansızlıqla qan içində boğulmasının əmrini vermişdi.

Minlərlə günahsız yurddaşımızın məhvinə səbəb olan bu fəaliyyətinə görə, Həmid Sultanov Moskva tərəfindən qırmızı ulduz ordeni ilə təltif edilmişdir.

Həyat yoldaşı Qazağın ən tanınmış əsilzadə nəslinin nümayəndəsi olan, Badisaba Xanım Vəkilova-Köçərli olmasına rəğmən, bütün Qazax ziyalılarının sevimli yeznələri olmasına baxmayaraq Firudin bəy Köçərli, Qazağın Şınıx-Ayrım kəndində anadan olmuş bir gəda oğlu olan Həmid Sultanov tərəfindən şəxsən güllələnmişdir.

Deyilənə görə Qazax rayonunda bu günə kimi bir nəfər olsun belə Həmid Sultanova qanqohumu olduğunu üzərinə götürən yoxdur.

Firudin bəy Köçərlinin ölümündən sonra, gözəlliyi dillər əzbəri olan Badisaba Xanım Vəkilova-Köçərli bir daha ailə həyatı qurmamış, Azərbaycanda ilk uşaq evinin yaradaraq bütün ömrünü kasıb və kimsəsiz uşaqların təlim-tərbiyə və təhsillərinə həsr etmişdir.

Hər iki şəxsiyyəti rəhmət və minnətlə anmaq hər birimizin şərəf borcudur. Allah rəhmət eləsin.

Elman Mustafazadə

Xudaferin.eu

11:32