“Ömür yanğısı” kitabının təqdimatı keçirilib

 

Gəncədə AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə “Kitab evi”ndə şair Həsən Göyçəlinin “Ömür yanğısı” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə AYB Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova açıb. O, Həsən Göyçəlinin “Ömür yanğısı” kitabı haqqında müfəssəl məlumat verib.

 

Bölmə sədri çıxışında bildirib ki, şairin 14 kitabı nəşr olunub, 15-ci kitabı çapa hazırlanır. H. Göyçəli “Qızıl qələm”, “Həsən bəy Zərdabi” mükafatlarına layiq görülüb və bir illik Prezident təqaüdçüsü olub. Şair və yazıçılardan Qərib Mehdi, Sahib İbrahimli, Zaur Quliyev, Fazil Sənan, İnqilab İsaq, Məhərrəm Ələkbərov, Rəhim Qurbani, İmamverdi Məmmədov, İmam Cəmilli, Kənan Məmmədov, Fəridə Əbülfəzqızı, Nadir Ovçu, Mürsəl İrəvanlı, Pəhlivan Əfəndi, Oruc Göyçəli və Aləmzər Əlizadə şair haqqında öz ürək sözlərini, mülahizələrini söylədilər.

Aşıqlardan Səlim Göyçəli, Ələddin Musaoğlu, Hüseyn Qoşqarlı H.Göyçəlinin qoşmalarını saz havaları üstündə oxudular. Şairin oğlu Cahangir Həsənoğlu tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi. Sonda Həsən Göyçəli yeni şeirlərini oxudu və AYB Gəncə Bölməsinin rəhbərliyinə təşəkkürünü bildirdi.

Cəmilə Kərimova
Gəncə

 

09:03