“Ömrümü Qarabağın dirçəlməsinə həsr edəcəyəm…”

…Füzulidə müəllim ailəsində doğulub… İlk dəfə məktəbə yollandığı gün sevinci yerə-göyə sığmırdı. Lakin bu sevincin ömrü çox qısa oldu. Ermənilərin Qarabağda törətdiyi müharibənin amansızlığı onun da uşaqlıq xəyallarını yarımçıq qoydu… Və isti bir yay günündə ailəsi ilə birlikdə yurd-yuvasından didərgin düşəndə hələ bilmirdi ki, o ağrılı günlər qəlbində silinməz izlər buraxacaq, acı bir xatirəyə dönəcək… İllər keçsə də o, hələ də sevimli iti Alabaşın onların mindiyi maşının arxasınca ulaya-ulaya necə qaçdığını hələ də unuda bilmir. İt, sanki nalə çəkirdi…

***

Köçkünlük illərindən danışanda bu gün də səsi titrəyir, gözləri dolur. Lakin qəlbindəki nisgil onu ruhdan salmayıb, əksinə, gecə-gündüz çalışaraq özünü elmin zirvəsinə hazırlayıb.

Qısa tanışlıq: Zamin Təhməzov 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinə daxil olub. Magistratura təhsilini bitirdikdən sonra 2004-cü ildə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına qəbul olunub. “Müasir Azərbaycan dilində köməkçi nitq hissələrinin təsnifi” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək həmin institutda elmi işçi kimi fəaliyyətə başlayıb.

Zamin Təhməzov pedaqoji fəaliyyətini 2014-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun baş müəllimi kimi davam etdirən Zamin müəllim, 2016-cı ildən 2025-ci ilə qədər həm ADPU-da, həm də universitetin Quba filialında dosent vəzifəsini icra edib…

Xankəndidə reallaşan arzu Qarabağ Universiteti

 …Zamin müəllimin Qarabağ Universiteti ilə bağlı seçimi sadəcə, bir iş yeri deyil, onun üçün mənəvi bir ehtiyac olub. Deyir: “…Qarabağın həsrətini uşaqlıqdan çəkmişdim. Torpaqlarımızın azad olunması xəbərini eşidəndə içimdən bir istək keçdi: mən orada olmalıyam! Qarabağ Universiteti fəaliyyətə başlayan kimi bu arzumu reallaşdırdım”, -deyə maraqlı xatirələrini danışır.

 Onun fikrincə, buradakı tələbə-müəllim mühiti fərqlidir. Qarabağ Universitetinin tələbələrini daha aktiv, məsuliyyətli və həvəsli hesab edir:

-Bura qəbul olan tələbələrin balları yüksəkdir. Onlar üçün yaradılan müasir şərait və zəngin maddi-texniki baza elə bir səviyyədədir ki, müəllimlərin yaxşı dərs keçməkdən, tələbələrin isə yaxşı oxumaqdan başqa yolu yoxdur. Həmçinin Xankəndidə əyləncə mərkəzlərinin yox dərəcəsində olması tələbələrin asudə vaxtlarını daha çox mütaliəyə və öz üzərlərində işləməyə yönəltməsinə səbəb olur.”

 Dosent Zamin Təhməzov vurğulayır ki, universitetdə dərslər ənənəvi üsulla deyil, Avropanın ən yeni təhsil metodları ilə keçirilir. O özü də dərslərində interaktiv metodlara – spontan sorğulara, diskusiya və debatlara üstünlük verir. Cəmi iki il əvvəl yaradılmasına baxmayaraq, universitetin əldə etdiyi uğurları dövlət qayğısı və rektor Şahin Bayramovun həssas yanaşması ilə əlaqələndirir:

-Rektor elə bir mühit formalaşdırıb ki, burada hamı bir ailə kimidir. «Hamı bir nəfər, bir nəfər hamı üçün!» prinsipi ilə çalışırıq. Müəllimlər tələbələrə xüsusi qayğı və həssaslıqla yanaşırlar… Çünki indi işğaldan azad Qarabağda yaşamaq da, oxumaq da, oxutdurmaq da bir məsuliyyətdir…

***

…Müharibənin acılarını sinəsində daşıyan, yaxınlarını itirən Zamin müəllim «Yəqin ki, sizi Qarabağ Universitetinə çəkib gətirən də, sadəcə, bir təhsil ocağı olmayıb, hansısa müqəddəs duyğularınız olub”- sualıma belə cavab verdi:

-Bu sual mənim üçün çox çətindir. Qarabağ mənim məbədgahımdır. İşğal xatirələri uşaqlığımdan içimdə sağalmayan, qaysaq bağlamayan bir yara kimidir… Allah mənə nə qədər ömür veribsə, Qarabağda qalıb çalışacağam. Bu torpağın yenidən dirçəlməsinə öz töhfəmi vermək ən böyük borcumdur…

***

…Zamin Təhməzov bu gün Qarabağ Universitetində tələbələrin qiymətləndirilməsindən tutmuş, tədrisin keyfiyyətinə qədər hər bir xırda detalın mükəmməl olması üçün fədakarlıqla çalışan bir ziyalı olaraq yurda qayıdışın sevincini yaşayır. Ona bu müqəddəs işində böyük uğurlar diləyirik.

Səriyyə MÜSLÜMQIZI,

Mənbə tezadlar.az
Xudaferin.eu

15:46