Ölkəmizin tarix səhifələri qrafika və heykəltəraşlıq əsərlərində

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunan nadir nümunələrin sərgisi

Muzey Mərkəzində “İRS: Respublikanın sərvəti, ölkəmizin tarix səhifələri qrafika və heykəltəraşlıq əsərlərində” adlı sərginin açılışı keçirildi.
 

Azərbaycan Dövlət Rəsm Qalereyası (ADRQ) və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bildirildi ki, burada nadir sənət əsərləri nümayiş olunur. Uzun illərdən bəri ADRQ-nin fondunda qorunan dəyərli sənət əsərlərinin tamaşaçılara göstərilməsi çox təqdirəlayiqdir. Burada elə qiymətli əsərlər qorunur ki, onları sənətsevərlər heç vaxt görməyiblər. Vurğulandı ki, son illərdə ölkəmizin mədəniyyət, idman və turizm ölkəsi kimi tanıdılması yönündə mühüm tədbirlər keçirilir. Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Beynəlxalq Humanitar Forum kimi mötəbər tədbirlər Azərbaycanı dünyada sülhün, tolerantlığın, həmrəyliyin, sivilizasiyalararası anlaşmanın mövcud olduğu ölkə kimi tanıdır.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Azərbaycanın tanınmış rəssam və heykəltəraşlarının əsərlərindən ibarət sərginin bədii-estetik baxımdan yüksək səviyyədə olduğunu söylədi, hər bir əsərdə onları yaradan sənətkarların ruhunun, gözəl duyğularının yaşadığını qeyd etdi.

Sonra sərginin açılışını bildirən lent kəsildi, tamaşaçılar əsərlərlə yaxından tanış oldular. Sərgidə Azərbaycanın qrafika və heykəl ustalarının 200-ə yaxın əsəri nümayiş olunur. Müəlliflər isə tanınmış, adlı-sanlı sənətkarlardır. Sərginin təşkilində başlıca məqsəd milli incəsənətimizin nadir incilərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsindən, turist lərə mədəni xidmətin göstərilməsindən, eləcə də Dünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarının mədəni proqramının zənginləşdirilməsindən ibarətdir. Sərgi mayın 8-dək davam edəcək.

Xudaferin.eu

10:28