Ölkədən külli miqdarda pul çıxarılandan sonra, xaricə pul köçürülməsi yasaq edildi

Mərkəzi Bankın təsdiq etdiyi “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” qüvvəyə minib. 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar” isə qüvvədən düşüb. İqtisadçı ekspert Əkrəm Həsənov xaricə pul köçürmələri üzrə ən vacib yeniliklərdən söz açıb.

O deyib ki, yeni Qaydalar ümumən əvvəlkini təkrarlayır, lakin daha yığcam və texniki cəhətdən daha təkmildir: “Xırda yenilikləri kənara qoysaq, 3 əsas dəyişikliyi qeyd etmək lazımdır. İlk növbədə bank hesabı açılmadan vətəndaşın xaricə köçürmələrinə aylıq 10000 dollar məbləğində limit qoyulub (gündəlik 1000 dollarlıq limit saxlanılmaqla). Reallıqda buna nəzarət etmək praktiki mümkün deyil, çünki vətəndaş bir neçə bank vasitəsilə də bu köçürmələri edə bilər və bu halda bankların limitə nəzarət imkanı olmayacaq (köçürmə bank sirri olduğu üçün bir bankın digər bankdakı əməliyyat haqda məlumat alması mümkün deyil). 32 bankın hərəsi vasitəsilə 10000 dollar köçürmə edilsə, ayda 320000 dollar edir. Bu halda vətəndaşın hər hansı məsuliyyətindən də söhbət gedə bilməz. Çünki Mərkəzi Bankın Qaydaları yalnız banklar üçün məcburidir”. Ekspert qeyd edib ki, analoji məhdidiyyət (ayda 10000 dollar) vətəndaşın bank hesabı vasitəsilə yaxın qohumlarına köçürmələrə də şamil ediləcək. İndiyədək yaxın qohumlara bank hesabı vasitəsilə köçürmələr məhdudiyyətsiz idi: “Lakin təbii yuxarıdakı halda olduğu kimi burada da məhdudiyyətdən yayınmaq çətin deyil: sadəcə fərqli banklar vasitəsilə köçürmə etmək olar, vəssalam. Nəhayət, ən vacib yenilik vətəndaşın və hüquqi şəxsin xarici bankdakı hesabına depozit qoyulması məqsədilə məhdudiyyətsiz köçürmə etmə imkanının ləğv edilməsidir. Yəni, indiyədək xaricdə hesabın var idisə, ora istənilən qədər pul köçürə bilərdin. Hələ 5 il əvvəl nəşr etdirdiyim "Azərbaycanın bank hüququ" kitabımda yazırdım ki, sözügedən imkan valyuta əməliyyatları üzrə bu Qaydaları mənasız edir. Çünki istənilən ölkədə hesab açıb ora istənilən qədər pul köçürə bilərəmsə, digər məhdudiyyətlər əhəmiyyətini itirir. Nəhayət ki, Mərkəzi Bank mənim bu iradımı nəzərə alıb sözügedən imkanı Qaydalardan çıxarıb. Düz də edib. Çünki bu, faktiki olaraq ölkədən valyutanın məhdudiyyətsiz çıxarılmasının leqal yolu idi. Cari vəziyyətdə isə valyuta rejimi sərtləşdirilməlidir. Ötən ildən başlayaraq dəfələlərlə yazmışam ki, valyuta rejimi sərtləşdirilməlidir. Heyf ki, Mərkəzi Bank bunu ölkədən xeyli valyuta çıxarılandan sonra etdi. Görəsən niyə? Kimə işləyir?”

Alçina Amilqızı
Cebhe.info

05:01