Ölkə ərazisinə soyuq hava kütlələri daxil olub, bölgələrdə qar, yağış yağır

Bu saata olan məlumata görə rayonlarda artıq havada dəyişiklik qeydə alınır.
 
Xudaferin.eu xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva deyib.
 
Qərb küləyi Daşkəsəndə 28 m/s, Salyanda 23 m/s, Tovuzda 24 m/s, Tərtərdə 23 m/s, Naftalan, Ağstafada 20 m/s, Astarada 18 m/s, Göytəpədə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib. Göygöldə, Balakəndə, Gədəbəydə, Gəncədə, Zaqatalada, Ağstafada, Sarıbaşda, Şəmkirdə yağış yağır. Daşkəsəndə qar başlayıb. Soyuq hava kütlələrinin ölkə ərazisinə tədricən daxil olması müşahidə edilir.
 
“Sadəcə, 30 il öncə alimlərin xəbərdarlıq etdiyi hadisələr baş verir. Biz artıq bu prosesləri gözləmirik, bunların canlı şahidiyik. İqlim dəyişmələrinin təzahürləri ilə hər gün üzləşirik. Bütün dünya daha tez-tez müşahidə edilən anomal meteoroloji hadisələrlə silkələnir. Mülayim qış mövsümü tendensiyası artıq bir neçə ildir müşahidə edilir. Lakin hazırkı qış mövsümündə bu proses nəinki Azərbaycanda, bir çox Avropa ölkələrində də müşahidə edilməkdədir. Məsələn, Aralıq dənizi sahili ölkələrində havanın temperaturu 24-27 dərəcədir ki, bu, əsl yaz havasıdır. Bakıda da havanın temperaturu iqlim normasından 6 dərəcə yüksək olub. Lakin xalqın inancı olan kiçik çillə özünü göstərəcək. Belə ki, uzun surən anomal isti hava şəraiti bir neçə günlüyə də olsa ölkə ərazisinə müdaxilə edəcək soyuq arktik havalarla əvəz olacaq. Hava şəraiti kəskin dəyişəcək. Daha ətraflı desək, fevralın 7-si axşamdan başlayaraq Bakıda artıq güclənən şimal-qərb küləyinin hakim olacağı, fevralın 8-dən 10-dək küləyin maksimum sürətinin 30-35 m/san-dək çatacağı gözlənilir. Temperaturun xeyli düşməsi fonunda bu proses zamanı gözlənilən yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər. Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir. Unutmayaq ki, hava həyatımızın bir hissəsidir. Biz sinoptiklər isə çalışacağıq ki, istənilən hava gözlənilməz olmasın” - deyə Tağıyeva bildirib.

14:06