Oliqarxlara ikinci 80 milyonluq “nəfəs”: Yeni yeyinti yeri tapılıb

Yeni avtovağzal adı ilə nə tikilir?

Ölkənin ağır iqtisadi böhran keçirdiyi bir dövrdə hökumət “bahalı” layihələrini davam etdirir. İndi də Bakı şəhərində ikinci Beynəlxalq Avtovağzal tikmək fikrinə düşüblər. Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planının təqdimatında Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib ki, mərkəzdə sıxlığı aradan qaldırmaq üçün Lökbatan qəsəbəsində yeni daha bir beynəlxalq avtovağzalın tikilməsini təklif etmişik. Bu gün hər kəs bilir ki, bu cür böyük layihələrə milyonlarla vəsait xərclənilir. Təbii ki, bütün vəsait dövlət büdcəsi hesabına təmin olunur. Digər tərəfdən bu cür komplekslərin tikintisində külli miqdarda yeyintiyə yol verilir.

Tikintidən “yeyilən” milyonlar

Hal-hazırda fəaliyyət göstərən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikintisində də dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmışdı. Bu məbləğ uzun zaman müzakirələrə səbəb olmuşdu. Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikintisinə 2004-cü ildə start verilmişdi və bu layihə 5 il müddətinə başa çatdı. Amma Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikintisində ən çox müzakirə olunan məsələ həmin kompleksin tikintisinə xərclənən pullardır. Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikinti layihəsinin ilkin dəyəri 12 milyon dollar olsa da, layihənin icraçıları əslində bu layihəyə 80 milyon dollar xərcləndiyini iddia edirdilər. Bütün bunlardan məlum olur ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikintisində xərclənən pullardan çox, yeyinti olub.
Amma hər bir halda avtovağzal öz fəaliyyəti davam etdirir. Əvvəllər avtovağzalın yalnız bir çıxışı olduğu üçün Bakının şimal girişində sıxlıq yaranırdı. Amma ötən il avtovağzal ərazisindən I Bakı Dairəvi Yoluna yol çəkildi və artıq avtovağzal ərazisindən Cənub istiqamətinə hərəkət edən avtomobildən şəhərin mərkəzinə daxil olmadan hərəkət edir. Bu da Bakının həm şimal, həm də cənub istiqamətində yaranan sıxlığı aradan qaldırdı.Digər tərəfdən artıq avtovağzal ərazisində metro fəaliyyət göstərir. Əhalinin də böyük əksəriyyəti artıq metrodan istifadə edir.
Yeni avtovağzal tikmət fikrinə düşən hökumət 7 ildir fəaliyyət göstərən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin şəhərdə sıxlıq yaratdığını indi fikirləşiblər. Ancaq nəzərə alınmır ki, ölkənin ağır iqtisadi böhran keçirdiyi bir dövrdə bu cür yeyinti layihələrinin icrası vəziyyəti daha da ağırlaşdıracaq. Ekspertlər də bildirirlər ki, 2017-ci il Azərbaycanda iqtisadi vəziyyət çətin olacaq. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neftin dünya bazarında kəskin ucuzlaşması davam edəcək. Bu da hələ yaxın illərdə də büdcə gəlirlərinin artmayacağı deməkdir. Çünki dövlət büdcəsinə daxil olan vəsaitin böyük bir hissəsi məhz neftdən gələn gəlirlərdir. Azərbaycanın xarici bazarlara çıxara biləcəyi alternativ məhsulu yoxdur.
Doğrudur, hələ ki, yeni avtovağzalın tikintisi təklifdir və reallaşacağı haqqında rəsmi məlumat yoxdur. Amma hər bir halda əgər bir dövlət rəsmisi belə bir təkliflə çıxış edirsə, bu o, deməkdir ki, məsələ bəzi dairələrdə müzakirələrdən keçib. Ümumiyyətlə, belə bir layihənin ölkənin böhran vəziyyətində reallaşması dövlətə yox, məhz hanısa məmurun cibinə xeyir verəcək. Buna isə heç bir vəchlə yol vermək olmaz. Büdcədə kəsirlərin olduğu bir vaxtda yenidən 12 milyonluq layihəyə 80 milyon xərcləməyin özü dövlət maraqlarına zidd addım olacaq.

Vilayət Muxtar
Cebhe.info

16:31