Oğurlanan 77 milyon dollar: Kimin hesabına köçürülüb?

 

“Azərbaycan hakimiyyəti dövlət quruculuğu məsələlərində Kremlə bənzəməyə, oranın direktivləri ilə hərəkət etməyə üstünlük verir. Müqayisə üçün nümunələr çoxdur. Məsələn, pensiya islahatı hər iki ölkə parlamentində demək olar ki, paralel gedirdi. Qanunlarımızın da əksəriyyətinə diqqət yetirsəniz, rus dilindən ortabab tərcümə edilmiş surətdir”.

Bu sözləri Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Lakin Ə.Əliyev hakimiyyətin bütün istiqamətlərdə Kremlin təkrarı olmadığına da diqqət çəkib: “Belədirsə, bütün məsələlərdə niyə ruslara bənzəmirlər? Yeni bir müqayisə imkanı yaranıb. Ötən həftə prezidentliyə namizəd Navalnıy baş nazir Medvedyevin mülkləri ilə bağlı apardığı tədqiqatın videoversiyasını sosial şəbəkə və mətbuatda yaydı. Bu həftənin sonunda əksər Rusiya şəhərlərində məsələ ilə əlaqədar antikorrupsiya mitinqləri keçirələcək. Ötən gün isə Duma kommunistləri (KPRF) tədqiqat tələbi ilə bağlı mövqe ifadə edəcəklərini açıqlayıblar. Digər iki fraksiya da – LDPR və Mironov tərəfdarları da kommunistlərə dəstək verə biləcəklərini dilə gətiriblər. Elə ötən həftə Azərbaycan Dəmir Yolları İdarəsinin tender əməliyyatı zamanı yol verdiyi çoxmilyonlu korrupsiya faktının İsveç hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı haqda beynəlxalq skandala səbəb olmuş məlumat yayıldı. Verilən xəbərlərə görə tender qalibi olmuş “Bombardier” şirkətinin təmsilçi tender şərtlərinə birbaşa özü müdaxilə edirmiş. Bu yolla büdcədən ayrılacaq vəsait süni şəkildə 5 dəfə şişirdilib. Yaradılmış belə şəraitin müqabilində 77 milyon dollar məbləğində vəsait ofşor hesablara yatırılıb”.

VİP sədrinin sözlərinə görə, analogiya aprılması üçün maraqlı suallar yaranır: “Məsələn, pullar kimin hesabına köçürülüb? Beynəlxalq və yerli mətbuatda işıq üzü görmüş aşkar cinayət faktı ilə bağlı niyə Azərbaycan hüquq-mühafizə və prokurorluq orqanları hərəkətə keçmirlər? Rusiya nümunəsinə oxşar qaydada bizim parlamentdə müxalifət adına kresloları isidən şəxslər analoji tələblə çıxış etmək təşəbbüsü göstərə bilərlərmi? Amma hamı susur. Susmaq razılıq əlaməti deyil?”

Mənsur Rəğbətoğlu

Cebhe.info

 

11:15