Nyu-Yorkda Amerikanın müsəlman və yəhudi təşkilatları ilk dəfə birlikdə Xocalı soyqırımını anıblar

ABŞ-ın Nyu-York şəhərində müsəlman və yəhudi təşkilatları olan Müsəlman Amerika Liderlik Alyansı (MALA) və Amerika Sefard Federasiyası (ASF) ilk dəfə birlikdə Yəhudi Tarixi Mərkəzində Xocalı qətliamının qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçiriblər.

Xudaferin.eu xəbər verir ki, tədbirdə ABŞ-ın müxtəlif dini və etnik təşkilatlarının təmsilçiləri, yerli ictimai fəallar və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Tədbir ölkəmizin ABŞ-dakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənib.

Tədbiri ASF-nin icraçı direktoru Ceyson Quberman açaraq Xocalı qətliamının qurbanlarını yad edib, şəhid olmuş Xocalı sakinlərinin sayının 613 nəfər olduğunu və bu rəqəmin yəhudi dinində müqəddəs məna daşıdığını vurğulayıb.

Sonra çıxış edən MALA-nın icraçı direktoru Zeynab Xan Xocalı faciəsinin qurbanlarını hörmətlə anıb və təəssüflə vurğulayıb ki, dünyanın bir çox yerlərində nifrət və nifaq ideologiyası əsasında insanlara qarşı kütləvi qırğınlar törədilir. İnsanlar bu faciələri öyrənməli və yadda saxlamalıdır ki, belə hadisələr bir daha baş verməsin.

Daha sonra müsəlman və yəhudi din xadimləri şəhid olmuş Xocalı sakinlərinin ruhlarına dualar oxuyublar.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov tədbirdə çıxış edərək Xocalı qətliamının anım mərasiminin yəhudi və müsəlman təşkilatları tərəfindən birgə təşkilini dinlərarası əməkdaşlığın bariz nümunəsi adlandırıb və mənsubiyyətindən asılı olmayaraq, bütün insanların belə faciələri anmasının mənəvi borc olduğunu vurğulayıb. Bildirib ki, erməni silahlı qüvvələri Xocalıda bilərəkdən kütləvi qırğın törədib, bu faktı erməni rəhbər şəxsləri də etiraf ediblər. Xocalı qətliamında istifadə edilmiş qəddar metodlar ölkəmizin digər işğal olunmuş ərazilərində tətbiq edilib. Bu xüsusda Xocalı qətliamı ermənilərin Azərbaycana qarşı apardığı təcavüzün və 800 minə yaxın insanı etnik təmizləməyə məruz qoymasının təcəssümüdür. Edilən vəhşiliklərə cavab olaraq Azərbaycan tərəfi intiqam deyil, etnik təmizləmə planını həyata keçirənlərin mənfur planlarının iflas edilməsinə, azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasına və əvvəllər də olduğu kimi, Azərbaycanın tərkibində erməni və azərbaycanlı icmaların birgə rifah içində yaşamasına çalışır.

Daha sonra Xocalı sakini və qətliamın canlı şahidi Anar Usubov Xocalının işğalı günü özünün və yaxınlarının başlarına gətirilən müsibətlərdən danışıb. O, həmin gecə bir çox yaxınlarını itirdiyini, 11 yaşında girov götürüldüyünü, girovluqda insanlara işgəncə verildiyini, insanların necə qətlə yetirildiyini və bəzi xocalılıların hələ də itkin düşdüyünü kədər hissi ilə xatırladıb. A.Usubov hazırda ən böyük arzusunun öz doğma yurduna qayıtmaq və yenidən Xocalını çiçəklənən şəhərə çevirmək üçün çalışmaq olduğunu vurğulayıb.

Tədbirin ikinci hissəsində psixologiya və psixoanaliz üzrə professor Danielle Knafo, A.Usubov, MALA-nın icraçı direktoru Zeynab Xan və Somalidə baş vermiş kütləvi qırğının canlı şahidi Əhməd Ömərin iştirakı ilə panel müzakirələri keçirilib.

Qeyd edək ki, həmin gün Amerikanın Sefard yəhudilərinin musiqi festivalı çərçivəsində Xocalı qətliamının xatirəsinə həsr olunmuş Azərbaycan muğamı axşamı təşkil edilib. Azərbaycan muğamının ustadı, amerikalı musiqişünas Cefri Verbok tar, ud və kamançada ifa edib.

Xudaferin.eu

20:55