Nümayəndəlik məsələsinin ləğvi üçün ilginc səbəblər – ŞOK FAKTLAR

 

Elçin Məmməd: “Azərbaycan məhkəmə sisteminin vəziyyəti daha da ağırlaşacaq”

Azərbaycan hakimiyyəti müstəqil məhkəmə sisteminin qarşısını almaq üçün qanunvericiliyə daha bir mürtəce dəyişiklik edib. Milli Məclisin qərarı ilə nümayəndəlik institunun fəaliyyəti məhdudlaşdırılıb. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilmiş dəyişikliyə əsasən fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək. Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Milli Məclisin bu qərarı ciddi tənqidə məruz qalıb. Məhkəmə prosesində nümayəndəlik fəaliyyəti ilə məşğul olan hüquq müdafiəçiləri hesab edir ki, hakimiyyətin bu addımı ölkədə müstəqil vəkillik fəaliyyətinə süni əngəl törətmək məqsədi daşıyır. Qanunvericiliyə dəyişiklik təşəbbüsü isə Prezident Administrasiyasından verilmiş siyasi sifariş əsasında həyata keçirilib. Qeyd edək ki, son dövrlər zərərçəkmiş şəxslər məhkəmə proseslərində hüquq müdafiəçilərinin və müstəqil vəkillik xidməti göstərən hüquqşünaslara müraciət etməsi halları artıb. Bu da dövlət tərəfindən təyin edilən vəkillərə cəmiyyətdə inamın demək olar ki, olmaması ilə bağlıdır. Dövlət tərəfindən təyin edilən müdafiəçilər bir qayda olaraq Azərbaycan Vəkillər Kollegiyasının üzvlərindən ibarət olur. Ona görə də kollegiya üzvü olmayan vəkillərin və ictimai təşkilatların məhkəmədə vətəndaşlara hüquqi yardım göstərməsi Azərbaycandakı siyasi rejimi qane etmir. Müstəqil vəkillərə və nümayəndəlik institununa tələbatın artması hakimiyyətin məhkəmə sistemini nəzarətdə saxlamaq siyasətinə cavab vermir. Çünki AVK-nın üzvləri birbaşa Ədliyyə Nazirliyinin və Ali Məhkəmənin göstərişlərini yerinə yetirir. Hazırda Azərbaycanda 1500 nəfərdən artıq şəxs vəkillik fəaliyyəti ilə məşğul olur. Onların 900 nəfəri AVK-nin üzvləridir. YAP hakimiyyəti kollegiya üzvü olan vəkillərin sayının 1000 nəfəri keçməsinə imkan vermir. Əgər kollegiya üzvlərinin sayı 1000 nəfəri ötərsə, o zaman Azərbaycanda ikinci AVK yaradılmalıdır. Bu sahəni siyasi inhisarında saxlamağa çalışan ölkə rəhbərliyi isə vəkillərin sayının artmasının qarşısını almağa çalışır.

Ancaq hakimiyyətin vəkillik və nümayəndəlik institutuna vurduğu zərbə bununla yekunlaşmır. Qanunvericiliklə təsbit edilmiş bürokratik manelər hesabına müstəqil vəkillərin və nümayəndələrin məhkəmələrdə cinayət işi üzrə proseslərdə müdafiəçi qismində iştirakına icazə verilmirdi. AVK üzvü olmayan hüquqşünaslara və hüquq müdafiəçilərinə əsasən mülki işlər, inzibati xətalarla bağlı məhkəmə predmeti olan proseslərdə vəkillik xidməti göstərməyə icazə verilirdi. Qanunvericiliyə edilmiş yeni dəyişiklikdən sonra isə müstəqil vəkillərin və nümayəndəlik institunun fəaliyyəti de-fakto qadağan edilib. Bu da hüquq-mühafizə orqanlarının qanunsuz bürokratik əngəllərindən və məhkəmələrdəki özbaşınalıqdan əziyyət çəkən aztəminatlı, sadə vətəndaşların hüquqlarının daha da pozulmasına gətirib çıxaracaq.

Hakimiyyətin qanunvericiliyə mürtəce dəyiliklik etməsi əslində daha ilginc səbəblərlə bağlıdır. Bu barədə şok faktlar barədə bir qədər sonra…

İlk növbədə qeyd edək ki, hakimiyyət nümayəndəlik institutunu sıradan çıxartmaqla şikayətlərin Avropa İnsan Haqları Məhkəməsinə çıxışına mane olmaq istəyir. Çünki iddiaçı şəxsi təmsil edən nümayəndənin rəyi yerli məhkəmə instansiyasında qəbul olunur. Məhkəmələr isə nümayəndənin iştirakı ilə çıxarılan qərardan protest verə bilmir. Daha doğrusu, qanunvericilik buna imkan vermirdi. Avropa İnsan Haqları Məhkəməsi də həmin qərarı əsas götürərək mülki işlər üzrə Azərbaycan vətəndaşlarının iddiasını təmin edirdi. İndi isə “Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında Qanun”a dəyişiklik etməklə sadə vətəndaşların yerli məhkəmə instansiyalarının qərarından etiraz şikayətinin Avropa Məhkəməsinə çıxışının qarşısı alınacaq. Yəni hakimiyyət Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslar vasitəsilə istədiyi qərarı çıxara biləcək və bununla bağlı Avropa Məhkəməsinə iddia ərizələrinin göndərilməsinə əngəl yaradacaq. Bu yolda ən böyük problem olan nümayəndəlik institutunun faktiki olaraq ləğv edilməsi sadə vətəndaşları əzmək üçün hakimiyyət və məhkəmə orqanlarının əlində ciddi bir vasitəyə çevriləcək.

İkincisi, müstəqil vəkillər və nümayəndələr AVK-nin üzvü olmadığndan onların siyasi məhbuslara qarşı açılmış cinayıt işi üzrə aparılan məhkəmə prosesində müdafiəçi qismində iştirak etmək hüququndan məhrum edilib. Milli Məclis heç bir məntiqə sığmayan bu qanunsuz qərarı qəbul etməklə yüzlərlə vəkili və nümayəndəni işsiz qoyub.

Üçüncüsü, iqtidar nümayəndəlik institutunun fəaliyyətini dayandırmaqla Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarına növbəti zərbə vurmağa çalışır. Əldə etdiyimiz məlumatlara görə, Azərbaycanda nümayəndəlik institutunun tam məhdudlaşdırılması əslində, kommersiya bankları vasitəsilə həyata keçirilən dələduzluq və kredit maxinasiyalarına hüquqi don geyindirmək məqsədi daşıyır. Xatırladaq ki, hazırda Azərbaycanda problemli kreditlərin həcmi 2017-ci ilin 8 ayı ərzində 352 milyon manat artaraq 1 milyard 824 milyon manata çatıb. Kreditlər borclarını ödəyə bilməyən vətəndaşlarn əksəriyyəti isə banklarla yaranmış çəkişmələri həll etmək üçün məhkəmələrə üz tutur. Kredit öhdəliklərinin yerinə yetirilməməsi bir çox hallarda kredit götürən şəxsin və ya ona zamin duran şəxsin əmlakının məcburi şəkildə əlindın alınması, bunlar mümkün olmadıqda isə banka borcu olan vətındaşın zorakılıqla fiziki təzyiqə məruza qalması ilə nəticələnirdi. Lakin son dövrlər nümayəndəlok institutunun fəaliyyətinin genişlənməsi bu sahədə kommersiya bankları tərəfindən yol verilən özbaşınalıqların qabağını qismən ala bilib. Məhkəmə prosesinə çıxan nümayəndələr yalnız vəkillik xidməti göstərmir, eyni zamanda kredit götürmüş və ya bu prosesdə zəmanətçi kimi iştirak edən şəxslər arasında ətraflı maarifləndirmə işi aparır. Artıq kredit öhdəliyi daşıyan bir çox şəxslər və ya zaminlər qanunvericiliklə onlara məxsus istənilən əmlaka bank tərəfindn qanunsuz həbs qoyulmasının yolverilməz olduğu barədə geniş məlumata malikdir. Bu da bankların və onların arxaslnda dayanan vəzifəli şəxslərin çirkli biznes maraqlarına cavab vermir. Ona görə də kommersiya banları daha kobud üsullara əl atır. Xəbər verildiyi kimi, bu yaxınlarda qanunvericiliyə edilmiş daha bir dəyişikliklə banklara kredit borcunu vaxtında ödəməyən şəxslərə qarşı 3 il müddətinə həbs cəzasının tətbiq edilməsi barədə qərara çıxarılıb. Nümayəndəlik institutunun məhdudlaşdırılması da bu baxımdan cəza mexanizminin ağırlaşdırılmasına xidmət edir. Adının çəkilməsini istəməyən mənbənin “yukselis.info”ya verdiyi məlumatda bildirilir ki, bir sıra kommersiya bankları 2018-ci ildə 100 mindən artıq şəxsə mübahisəli kreditlərlə bağlı məhkəmə iddiası qaldırmağa hazırlaşır. Lakin bankların bu məsələdə qarşısında ən böyük maneə nümayəndəlik institutu və müstəqil vəkillərdir. Ona görə də banklar hazırda kasıb təbəqənin müdafiəçisinə çevrilmiş nümayəndəlik institutunun fəaliyyətinə son qoymaq üçün bir araya gələrək Ali Məhkəmənin sədri Ramiz Rzayevə 10 milyon manat rüşvət veriblər. Yəqin ki, bu məbləğin hamısı hamısı R.Rzayevin cibinə getməyib. Yəni yuxarılara da həmin vəsaitdən pay ötürülərək, bankların qanunvericiliyi dəyişmək arzusu lazım olan dairələrə çatdılıb. Artıq pul öz işini görüb və yaxın aylarda müdafiəsiz qalan və banklara borcunu ödəyə bilməyən kasıb əhali zorakılığa məruz qalacaq.

Yaranmış vəziyyəti şərh edən “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti, hüquq müdafiəçisi Elçin Məmməd Milli Məclisin qərarını son illərdə insan haqlarının tapdanması sahəsində ən kobud addımlardan biri adlandırdı:

“Azərbaycanda vəkillərin sayı çox azdır. Vəkillər Kollegiyası Ədliyyə Nazirliyinin nəzarətində saxlanılır və vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərin sayı məhdud kvotada saxlanılır. Ona görə də vətəndaşlar mülki işlərlə bağlı yerli və apellyasiya instansiyalarında daha çox nümayəndələrə müraciət edir. Nümayəndələr vəkillərlə müqayisədə daha keyfiyyətli hüquqi xidmət göstərir. Bu da görünür, hakimiyyət orqanlarına sərf etmir. Hesab edirəm ki, nümayəndəlik institutunun fəaliyyətinin qarşısının alınması Azərbaycanda mülki və inzibati hüquqpozmalar sahəsində vəziyyəti daha da ağırlaşdıracaq. Məsələn, hazırda minlərlə vətəndaş məhkəmələrdə mülkiyyət hüququ, mübahisəli kreditlər, müxtəlif inzibati xətalar, cərimələrlə bağlı iddia qaldırıb. Biz onlara həm məhkəmə prosesində nümayəndə kimi hüquqi xidmət göstərir, həm də maarifləndirmə işləri aparırıq. Bu baxımdan, Milli Məclisin qanuna dəyişiklik etməsi qeyri-ciddi təsir bağışlayır. Azərbaycan müstəqil məhkəmə sisteminin qurulması istiqamətində islahalatlar həyata keçirmək əvəzinə təəssüf ki, geriyə addım atır. Nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırlması məhkəmə sistemində ağır olan vəziyyətin daha da pisləşməsinə səbəb olacaq”.

Səbinə MƏMMƏDLİ

 

09:04