Neft ölkələri müharibədən qazanır: BƏS AZƏRBAYCAN?

 

Zəfər Vəliyev: “Suriyada baş verənləri birjalara sürükləməklə qısamüddətli uduşa nail olurlar”

"Azərbaycan OPEC qarşısında neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə tam riayət edib. Bilirsiniz ki, biz üzərimizə götürdüyümüz öhdəliyə əsasən yanvar-mart ayları ərzində gündəlik hasilatı 35 min barel azaltdıq. Biz mütəmadi şəkildə karteli bununla bağlı məlumatlandırırıq". Bunu Türkiyədə səfərdə olan energetika naziri Natiq Əliyev bildirib. Nazirin sözlərinə görə neftin qiymətinin 50-60 dollarlıq dəhlizdə formalaşması Azərbaycanı qane edir: "Mən deyərdim ki, bu gün vəziyyət yaxşıdır. Biz nəyə nail olduq? Yeni ildən etibarən neftin qiyməti stabilləşib. Azərbaycan üçün mühüm olan odur ki, dünya bazarında neftin qiyməti 50-60 dollar ətrafında formalaşsın. Qiymət bundan aşağı enərsə, Azərbaycan zərərlə üzləşir. Hesab edirəm ki, neftin 50-60 dollar civarında olması Azərbaycanı tam qane edir. Biz neftin qiymətinin daha artmasından çox onun stabil qalması barəsində düşünməliyik. Bunun üçün tutarlı tədbirlərin görülməsinə ehtiyac var”.

Nazir qeyd edib ki, neftin bahalaşması "qara qızıl" istehsal edən ölkələrin dövlət büdcələrinə müsbət təsir edib, onların milli valyutalarının möhkəmlənməsinə səbəb olub: "Şübhəsiz ki, neftin bahalaşması manata təsirsiz ötüşmür və biz bunu son proseslərdən də müşahidə edirik". İqtisadçıların qənaətincə, manatın hazırkı sabitliyi iqtisadi inkişaf nəticəsində yaranan makroiqtisadi sabitliyin yox, tələbatı tamamilə minimuma endirlilmiş, dərin durğunluq içərisində olan iqtisadi mühitin nəticəsidir. Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, başa çatmaqda olan iş həftəsində qlobal neft bazarlarında neftin qiymətində əhəmiyyətli artımın baş verməsinin bir neçə səbəbi var: “Səbəblər neft bazarları üçün uzunmüddətli dövrü əhatə edə bilməz. Bu, qısa bir zaman kəsiyində neftin dünya bazarlarında qiymətinin artmasına səbəb ola bilər. O səbəblərdən bir neçəsini sadalasaq, əsil mənzərənin nədən ibarət olması açıq-aydın görünər. Məsələn, bazar iştirakçıları 10+11 sazişinin daha 6 ay müddətinə uzadılmasına əminliklə yanaşırlar. Onlar hesab edirlər ki, OPEC+11 sazişinin 2017-ci ilin sonuna kimi uzadılması, neft bazarlarında normadan artıq neft həcmlərinin azalmasına səbəb olacaq. Bu da bazarda tarazlığın axır ki, bərqərar olmasına gətirib çıxaracaq. Bu xətt tərəfdarları bu fikri mütəmadi olaraq dövriyyəyə buraxmaqla neftin qıssamüddətli qiymətinin artmasına nail oldular. Həmçinin son günlər Liviyanın cənub-qərbində olan Sharara və Wafa yataqlarında silahlı müdaxilə nəticəsində hasilat və nəql işlərinin dayanmasından məharətlə istifadəyə etməyə cəhd etdilər.Lakin, bu gün artıq hər iki yataqda hasilat işləri tam bərpa edilərək ölkədə sutkalıq hasilat 660.000 barelə çatdırılıb. Yaxud Şimal Dənizində Buzzard yatağında hasilatın gözlənilmədən dayanmasından istifadə edərək birjalarda neftin qiymətinin artmasına nail oldular. Yaxud bu xətt tərəfdarları iddia edirlər ki, Karib hövzəsində olan neft anbarlarında ehtiyatlar əhəmiyyətli dərəcədə azalaraq 20 milyon barel səviyyəsinə düşüb. Hansı ki, tək bu enerji şəbəkəsində mövcud neft çənlərinin ümumi tutumu 140 milyon barel təşkil edir. Bu ehtiyatların sürətlə azalması bir az inandırıcı görünmür. Əksinə, ilin əvvəlindən bu günə kimi dünya üzrə stasionar və üzən anbarlarda neft həcmləri əhəmiyyətli dərəcədə artıb. Ona görə də OPEC rəhbərliyi Vyana sazişinin az effektivliyini etiraf etdilər. Burda iki faktı qeyd etməmək olmur. Məsələn, Rusiya OPEC +11 sazişini imzalayan və öhdəlik paktına nəzarət edən Komitənin üzvüdür.
Rusiya 2017-ci ilin 1-ci kvartalında sutkalıq ixrac həcmilərini keçən ilin analoji dövrü ilə müqayisədə 3,9 faiz artıraraq 4,823 milyon barelə çatdırdı. Neft bazarlarında tarazlığın bərpa olunmasına iddia edən İran 2017-ci ilin ilk üç ayında gündəlik ixrac həcmlərini 2,8 milyon barelə çatdırdı. İlk üç ayda elə satış günləri oldu ki, İranın kondensatla birlikdə xam neft ixrac həcmləri 3 milyon barelə kimi yüksəltdi. Bu o deməkdir ki, OPEC və müttəfiqləri sözdə bir, əməldə isə başqa addımlar atırlar. Yuxarıda adıçəkilən xətt tərəfdarları Yaxın Şərqdə cərəyan edən hadisələrdən də məharətlə istifadə edirlər. Geosiyasi faktorları, konkret olaraq Suriyada baş verənləri birjalara sürükləməklə qısamüddətli uduşa nail olurlar. Amma ortada daha ciddi və təkzibedilməz fundamental faktorlar da var ki, onu heç cür təkzib etmək mümkün deyil. O faktorları sadalasaq, görərik ki, neft bazarlarının gələcək taleyi məhz bu faktorlardan asılı olacaq”.

Ekspertin sözlərinə görə, neft bazarlarının gələcək taleyini 3 əsas faktor həll edəcək: “Birinci, dünyanın iqtisadi göstəriciləri. İkinci, ABŞ-da qazma aktivliyi və hasilat həcmlərinin artım səviyyəsi. Üçüncü, Çin Xalq Respublikasının iqtisadi göstəriciləri. İkinci və üçüncü faktor tam neft bazarlarının əleyhinədir. Çünki ABŞ-da artıq bir ilə yaxındır ki, aktiv qazma aktivliyi müşahidə edilməkdədir və qazma parkının durmadan genişlənməsi, sutkalıq hasilat həcmlərinin artmasına gətirib çıxarıb ki, hazırda ABŞ-da sutkalıq hasilat 9,2 milyon barel səviyyəsindədir. Üstəlik, ABŞ ilin əvvəlindən həm neft ixracında əhəmiyyətli artıma nail olub və eyni zamanda Strateji Neft Ehtiyatlarının həcmi (SPR) bir hissəsinin satışına icazə verib. Deməli, ABŞ-da həm neft hasilatının durmadan artması, həm də ixrac həcmilərinin artması bazarı təhdid altına alacaq. Çindən gələn məlumatlarda bazarı təhdid altına alır. Belə ki, Çində neft anbarlarının həddən artıq yüklənməsi mövcud anbarlarda sərbəst güclərin tükənməsinə səbəb olub. Dünya iqtisadiyyatının vəziyyəti fonunda təklif tələbat üzərində hakim olacaq. Bu hal neft bazarlarını ilin sonuna kimi təhdid altına alacaq. Çünki hazırda hasilat tələbatın əksinə olaraq durmadan artır. Digər tərəfdən bazar ixracatçı ölkələrin yürütdüyü qiymət siyasətinin girovuna çevrilib. Məsələn, potensial bazar oyunçusu Səudiyyə Ərəbistanını may satış proqramı çərçivəsində Asiya, Şimal- Qərbi Avropa və Aralıq dənizi regionu bazarlarına yeni discount siyasəti bazarda tarazlığı təhdid altına alır və bazar oyunçularını əks tədbir görməyə vadar edir”.

Zəfər Vəliyev onu da vurğulayıb ki, bu hal Azərbaycan daxil digər neft ixrac edən dövlətlərin maliyyə vəziyyətinə ciddi təsir göstərəcək: “Məsələn, 2015-ci ildə Azəri-Çıraq-Günəşlinin işlənməsindən ARDNF-na daxil olmalar (neft dolları) 7,1 milyard dollar idisə, 2016-cı ildə bu rəqəm 5,1milyard dollar təşkil edib. Halbuki neft böhranından əvvəl bu rəqəm ortalama 16 milyard dollar civarında idi. Deməli, ölkənin maliyyə vəziyyəti neft bazarlarının vəziyyətindən asılı olacaq. Yaxın 5 ildə isə neft bazarlarında böhranlı vəziyyət hökm sürəcək”.

 

Yeganə Oqtayqızı

Cebhe.info

 

05:10