Azərbaycan Kiyev vilayətində daha bir sıra bərpa layihələrinin həyata keçirilməsi imkanını nəzərdən keçirir

Azərbaycan humanitar bərpa layihələrində Kiyev vilayətinə dəstəyini davam etdirəcək.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Kiyev Vilayət Hərbi Administrasiyasının (VHA) sədri Ruslan Kravçenko ilə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev arasında görüşdə yenidənqurma layihələrinin həyata keçirilməsi müzakirə olunub.

Kravçenkonun sözlərinə görə, bu günə qədər Kiyev vilayətində 30 mindən çox obyekt zədələnib və dağıdılıb. Onlardan 19 mindən çoxu artıq bərpa olunub, prioritet olan - mənzillərdir. Eyni zamanda, digər mühüm obyektlərin bərpasına investorların cəlb edilməsi istiqamətində fəal iş aparılır.

“Mən həmişə bütün beynəlxalq tərəfdaşlara müstəqil şəkildə bərpa üçün obyektləri seçməyini və dizayndan tutmuş istismara verilməsinə qədər bütün prosesə tam nəzarət etməsini təklif edirəm. Bu cür yanaşma bizə olan etibarı artırır. Çünki əsas odur ki, evlər, məktəblər, xəstəxanalar, uşaq bağçaları bərpa olunsun”, - deyə Kravçenko əlavə edib.

VHA-nın sədri dəstəyə və artıq həyata keçirilən layihələrə görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür edib. Söhbət İrpendə məktəbin yenidən qurulmasına və klinikanın təmirinə köməklikdən, Akademik Zərifə Əliyeva adına “Linqvist” liseyi üçün noutbukların alınmasından gedir.

Səfir Seymur Mərdəliyevin sözlərinə görə, Azərbaycan Kiyev vilayətində daha bir sıra bərpa layihələrinin həyata keçirilməsi imkanını nəzərdən keçirir.

Kravçenkonun qeyd etdiyi kimi, onlar həmçinin regiondakı təhlükəsizlik vəziyyəti və enerji vəziyyəti, Kiyev vilayətinin hava hücumundan müdafiə sistemlərinin, kogenerasiya qurğularının artırılmasına ehtiyacları və s. müzakirə ediblər.

“Daha bir mühüm məsələ Boyarka vilayət uşaq xəstəxanasının modernləşdirilməsi və onun müasir tibbi avadanlıqlarla təmin olunmasıdır. Bu gün bu, təkcə rayonumuzun deyil, digər bölgələrdən olan uşaqlara da xidmət göstərən xəstəxanadır və bizim vəzifəmiz onu daha da müasir tibb müəssisəsinə çevirməkdir”, - deyə VHA-nın sədri bildirib.

Regionlararası əməkdaşlığın genişləndirilməsi məsələsinə də diqqət yetirilib. Kravçenko səfirə memorandumun imzalanması ilə nəticələnəcək Kiyev vilayəti ilə Azərbaycanın regionları arasında tərəfdaşlığa başlamağı təklif edib.

Emil Hüseynli

Xudaferin.eu

16:24