1969-cu il 14 iyul: Qüdrətli dövlətin, milli intibahın, mənəvi yüksəlişin əsasının müəyyənləşdiyi tarix

Güc və siyasi liderlik dövlət idarəçiliyində xüsusi təhlil olunan mövzulardan biridir. Müxtəlif ədəbiyyatları təhlil edərkən məlum olur ki, bu iki məfhumun mövcudluğu başlanğıcda eyni anda bir fərdin əlində cəmləşsə də, bəzən nəticədə bir-birindən uzaqlaşır. Bunun əsas səbəbi isə əldə olunan gücün siyasi lider tərəfindən qorunub saxlanıla bilinməməsidir. Belə qənaətə gəlmək olur ki, liderlər onları əhatə edən dünyanı formalaşdırmaq qabiliyyətinə, təbii liderlik xüsusiyyətinə və çevik ardıcıllara malikolma məharətinə görə gücü əlində saxlamaq səriştəsi nümayiş etdirirlər və buna görə də güclü heyranlıq obyektinə çevrilirlər. Bu iki məfhumun sona qədər yan-yana addımlamamasının təməlində isə şəxsi, fərdi maraqların daha qlobal maraqların fövqündə tutulması dayanır. Ölkələrdə vətəndaşlar xalqı təmsil etmək, onun adından danışmaq üçün fərdləri seçirlər. Beləliklə, siyasi liderlər əhalinin inanclarını, istəklərini və iradələrini təcəssüm etdirir və vətəndaşların nümayəndələri kimi çıxış etməlidirlər. Təəssüflər olsun ki, bəzən vətəndaşlarla siyasətçilər arasında etimad böhranı yaranır. Ötən əsrdə Azərbaycan xalqının başına gətirilən oyunlar nəticəsində müstəqilliyimiz əlimizdən alınmış, dövlətlə-xalq arasında etimadsızlıq mühiti formalaşmış, torpaqlarımız işğal olunmuş, bütövlükdə mövcudluğumuz şübhə altına düşmüşdür. Bunun əsas səbəbi isə hakimiyyətdə təmsil olunanların yarıtmazlığı, milli maraqları şəxsi mənafelərinə, siyasi ambisiyalarına qurban vermələrinin nəticəsi idi. Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqını bu çətin durumdan çıxarmağa müvəffəq olan insan dahi və fenomenal şəxsiyyət Heydər Əliyev oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq deyib ki, 1969-cu ilin 14 iyul tarixində ilk dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev tərəfindən Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri müəyyənləşdirildi. Bu baxımdan da tam əsaslı olaraq 1969-cu il iyulun 14-ü qüdrətli dövlətin, milli intibahın, mənəvi yüksəlişin əsasının müəyyənləşdiyi tarixdir. 1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində bütünlüklə yeni mərhələyə başlanıldı, respublikamızda əsaslı intibah prosesinə start verildi. Heydər Əliyev o dövr üçün çox cəsarətli ideyalar irəli sürdü, dəqiq fəaliyyət proqramı müəyyənləşdirdi. Ulu Öndərin qəbul etdiyi bütün siyasi qərarların mərkəzində xalqımızın həyat, azadlıq və xoşbəxtlik axtarışlarını bərpa etmək dayanırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn Ümummilli Lider daha aydın baxış və səmərəli idarəçilik qura bildi. Yalnız ümummilli maraqları hər bir şeyin fövqündə tutan bir dahi “Vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bunlar yoxdursa insan mənəviyyatsızdır. Gərək nəbzin, Vətənin nəbzi ilə vursun” deyə bilərdi ki, Heydər Əliyevin qəbul etdiyi hər bir qərar Azərbaycanın parlaq gələcəyinə hədəflənmişdi. 1969-cu il iyulun 14-dən sonra qısa zaman çərçivəsində şəhərlərdə, rayonlarda, kəndlərdə əsaslı inkişafın təməli qoyuldu, yeni istehsal və sənaye müəssisələri yaradılmaqla insanların sosial təminatı yaxşılaşdırıldı. Eyni zamanda, ideoloji sahədə də əsaslı işlər görülməklə xalqımızın mədəni-intellektual səviyyəsi yüksəldi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmaqla yanaşı, azərbaycanlı gənclər yüksək keyfiyyətli təhsil almaq məqsədilə ittifaq respublikalarındakı ali təhsil müəssisələrinə göndərildi. Sonradan həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli mütəxəssislər kimi çalışdılar. Məhz bu amil Heydər Əliyevin dahiliyinin, strateji baxışının olduqca uzağa fokuslandığının əyani təzahür forması idi.

Ümummilli lider Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan enerji siyasətimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi meqalayihələrlə davam etdi ki, məhz bu uzaqgörən siyasət Ermənistanı bütün istiqamətlərdə, hərtərəfli təcrid etdi. Bu baxımdan da Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfərinin təməlində birmənalı olaraq ulu öndər Heydər Əliyevin uzaqgörən ideallarının Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi dayanır.

Ulu öndər Heydər Əliyev xalq yolunda fərd yetişdirmək, xalq yetişdirmək kimi misilsiz missiyaya da nail oldu. Ümummilli Lider həm Azərbaycan xalqını bir amal uğrunda birləşdirdi, həm də onu idarə edəcək lideri xalqa bəxş etdi. Bu baxımdan 1993-cü il iyunun 15-də məhv olmaq təhlükəsindən xilas edilən müstəqil Azərbaycan 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verdi. Məhz Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu gün Heydər Əliyev ideallarından ilhamlanır, daha da inkişaf edir.

Tarixini dərindən bilmək, ondan nəticə çıxarıb indiki zamanda real addımlar atmaq, paralel olaraq uzaqgörənlik nümayiş etdirib gələcəyə dair strateji baxış formalaşdırmaqla üçünü eyni anda təmin etmək imkanı yalnız böyük liderlik xüsusiyyətinə malik olanlar tərəfindən əldə edilə bilər. Eyni zamanda, liderin əsas xüsusiyyəti insanları eyni məqsəd və hədəf ətrafında toplamaqdır ki, Prezident İlham Əliyevin dəmir yumruğunun əsasında zamanında Ümummilli Lider tərəfindən uzaqgörənliklə formalaşdırılan azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməyimiz dayanır.

Xudaferin.eu

 

16:35