İşğaldan azad olunan ərazilərdə görülən işlər bir daha təsdiqləyir ki, Qarabağ əvvəlkindən də gözəl və cəlbedici olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse–prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfəri yeni müəssisələrin təməlqoyma mərasimləri, bəzilərinin isə açılışı ilə yadda qalır. Dövlətimizin başçısının və birinci xanımın bir neçə gün əvvəl Füzuli və Şuşa şəhərlərinə səfərləri zamanı da bunun şahidi olduq. Qarabağda aparılan yenidənqurma, bərpa-quruculuq işləri beynəlxalq aləmin də diqqət mərkəzindədir. Dünyanın bir sıra ölkələrindəki şirkətlərin Qarabağda aparılan tikinti-bərpa işlərinə qoşulması da bundan xəbər verir. Həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Qarabağ əvvəlkindən də gözəl və cəlbedici olacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Səhər İsmayılova söyləyib.

Politoloq bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, erməni faşistlərinin həmin ərazilərə vurduğu ciddi ziyan tədricən aradan qaldırılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Azad edilmiş bütün ərazilərdə quruculuq-abadlıq işləri sürətlə aparılır. Dövlətimizin başçısının və birinci xanımın Füzuli rayonuna budəfəki səfərləri orada 180 çarpayılıq xəstəxananın, peşə liseyinin, həmçinin yeni parkın təməlinin qoyulması ilə yadda qaldı. Prezident və birinci xanım Füzuli şəhərində yeni yaradılacaq parkda ağac da əkdilər.

Səfərin davamı olaraq, Şuşada aparılan abadlıq, bərpa işləri ilə tanışlığın da yaxın illərdə Qarabağın cənnətə çevriləcəyindən xəbər verdiyini vurğulayan Səhər İsmayılova deyib ki, ermənilər Qafqazın incisi olan Şuşa şəhərini bərbad vəziyyətə salıblar. Hazırda Şuşada bərpa-quruculuq işləri geniş vüsət alıb. Dövlətimizin başçısı və birinci xanım səfər zamanı Şuşadakı inzibati binada, Şirin su hamamında, tarzən Sadıqcanın evində, Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar. Burada məscid və mədəni abidələrin bərpası və yenidən qurulması Heydər Əliyev Fondunun rəhbərliyi ilə həyata keçirilir.

Şuşanın artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyin qeyd edən politoloq vurğulayıb ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtında V Xarıbülbül Beynəlxalq Folklor Festivalı başlayır. Şuşada və Qarabağın digər bölgələrində keçirilən beynəlxalq musiqi festivalı 30 illik fasilədən sonra 2021-ci il mayın 12-13–də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil edilib. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə keçirilən sayca IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olunub, Azərbaycanın müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib. Bunlarla yanaşı, müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxlar nümayiş etdirilib. Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olunub.

Şuşada V Xarıbülbül Beynəlxalq Folklor Festivalının keçirilməsinin şanlı Qələbəmizin təntənəsi olduğunu vurğulayan Səhər İsmayılova qeyd edib: “Bütün dünya şahid olur ki, Qarabağ Azərbaycandır! Dövlətimizin başçısı Şuşadan xalqa müraciətində də bunu bir daha bəyan etdi: “Biz – bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik”.

Xudaferin.eu

13:11