Braziliyanın xarici əlaqələr naziri azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun mayın 5-də Braziliyanın xarici əlaqələr naziri Karlos Fransa ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında siyasi dialoqun səviyyəsi yüksək qiymətləndirilib, ölkələr arasında siyasi məsləhətləşmələrin sayca üçüncü raundunun keçirilməsinin əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib, növbəti il ölkələr arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd ediləcəyi, birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işləri barədə və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artdığını diqqətə çatdırıb.

Söhbət zamanı, həmçinin Azərbaycanla Braziliya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Braziliya tərəfindən Xarici Əlaqələr Nazirliyinin Baş katibi Simas Maqalyəiş və Braziliya Konqresində Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri deputat Klaudio Kajado da iştirak ediblər.

Xudaferin.eu

15:37