Bişkekdə Çanaqqala zəfərinə həsr olunmuş tədbir təşkil edilib

Qırğızıstanın paytaxtı Bişkekdə Çanaqqala zəfərinin 107-ci ildönümü və Şəhidlər Günü münasibətilə anım mərasimi keçirilib.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, tədbirdə Türkiyənin Qırğızıstandakı səfiri Əhməd Sadık Doğan, Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov, səfirliklərin əməkdaşları iştirak ediblər.
İstiqlal Marşının oxunması ilə başlayan tədbirin açılışında çıxış edən Əhməd Sadık Doğan Çanaqqala döyüşü haqqında məlumat verib, türk əsgərinin çətin şəraitdə özündən qat-qat güclü olan ordulara qarşı möhtəşəm mübarizəsinin bir örnək olduğunu vurğulayıb.
Türkiyə səfirliyinin hərbi attaşesi Erkan Önal, təhsil müşaviri Harun Karcı Çanaqqala zəfərinin əhəmiyyəti haqqında söhbət açıblar.
Lətif Qəndilov 1915-ci il martın 18-də Çanaqqala müharibəsində vətən uğrunda şəhid olan 253 min əsgərlə eyni taleyi paylaşan 3 min Azərbaycan türkünün də şəhid olduğunu bildirib: “Burada şəhid və ya qazi olanların heç bir öhdəlikləri olmasa da, qardaşlıq hissi ilə döyüşmək üçün Anadolunun bu guşəsinə gəliblər”.
L.Qəndilov Çanaqqala zəfərinin qürur və şərəf nümunəsi olduğunu qeyd edib.
Tədbir tələbələrin Çanaqqala zəfərinə həsr etdiyi şeirlərlə başa çatıb.

Qulu Kəngərli

Xudaferin.eu


13:39